Oktyabrın 8-i və 12-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. Bakı "İnter"inin 7 futbolçusu milli komandalarına dəvət alıb. Yığmamızın baş məşqçisi Berti Foqts Vladimir Levin, Aleksandr Çertaqanov və qapıçı Səlahət Ağayevi Azərbaycan milli komandasına çağırıb. Xatırladaq ki, komandamızı oktyabrın 8-də Avstriyada yerli komanda və 4 gün sonra doğma divarlar arasında Türkiyə ilə qarşılaşmalar gözləyir. Robertas Poşkus Litva millisinə dəvət alıb. Litva yığması dünya və Avropa çempionu olan İspaniyaya qarşı oynayacaq, həmçinin Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyunu keçirəcək. Dmitri Kruqlov da Serbiya və Sloveniya ilə oyunlarda Estoniya millisinə kömək etməyə çalışacaq. Latviya millisinə çağrılmış Girts Karlsonsu da Yunanıstan və Gürcüstana qarşı iki oyun gözləyir. "İnter"in yeni oyunçusu Filip Despotovskisə Makedoniya milli komandasının heyətində səfərdə Andorra və Rusiya ilə qarşılaşmalarda meydana çıxacaq.
|