Premyer Liqanın XXVI turu çərçivəsində keçirilən "Xəzər lənkəran" - "İnter" matçının videoyazısı niyə gizlədilir? Sportmedia.az-a etibarlı mənbələrimizdən daxil olan məlumata görə, bu qarşılaşmada baş vermiş "şou"nu ört-basdır etmək məqsədilə oyunun videoyazısı gizlədilir. Matçın baş hakimi Elçin Məmmədovun 3 qırmızı vərəqə verməsi, "İnter"in hakimdən şikayət etdiyi epizodlar niyə ictimaiyyətə açıq şəkildə təqdim olunmur? Bunun arxasında hansı maraqlar yatır? Xatırladaq ki, saytımızda Ramin Musayev və Elçin Məmmədovun "MƏXFİ PLAN"ı ilə bağlı araşdırma təqdim olunmuşdu. Artıq, Musayevlə Məmmədov indidən işbirliyinə keçiblər? Ramin bəylə Elçin Məmmədovun "Qarabağ"la yaxın münasibətləri bütün futbol ictimaiyyətinə məlumdur. Hətta, o qədər yaxındır ki, "Qarabağ"ın hər məğlubiyyətindən yaxud, heç-heçəsindən sonra onu sığortalamaq variantları axtarılır. "Xəzər Lənkəran" - "İnter" matçında hakimlər tərəfindən qonaq komandaya qarşı bu qədər haqsızlıq edilməsində əsas məqsəd, "İnter"i "Qarabağ"la oyuna "hazırlamaq" deyildimi? Elçin Məmmədov "İnter"in futbolçusu Valeri Abramidzenin yan xətt hakimini söydüyünə görə, ona sarı vərəqə verdiyini bildirib. Elçin bəy, indi buyur Abramidzenin doğrudan da söyüş söyməsini sübut et! Həmin oyunu canlı izləyən əməkdaşlarımızın söylədiyinə görə, Abramidze yan xətt hakiminə tərəf heç baxmamışdı. Matç zamanı zədələnən "İnter"in futbolçusu 5 dəqiqədən çox meydanda zədəli halda qalır və baş hakim futbolçuya kömək etmək üçün həkimlərin meydana girməsinə icazə vermir? Niyə? Məqsəd, vaxt "udmaq" idi? Bu "şou"ya görə "Xəzər Lənkəran"ın rəsmi saytı oyunu canlı verməyi yarımçıq saxladı? Bəs necə olur ki, "Neftçi"ylə oyunda xırda bir hal baş verəndə, PFL böyük canfəşanlıqla videogörüntüləri hər tərəfə yaya bilir? Hər oyundan sonra "Xəzər Lənkaran" öyrəşib ki, "hakim bizə qarşı qərəzli qərarlar qəbul etdi, hakim bizi uduzdurdu" kimi açıqlamalarla ictimaiyyətin fikrini bulandırsın. Hətta o həddə çatıb ki, Tuyqun Nadirov az qalıb oyun başlamamışdan desin ki hakim bizi sıxışdırır... Bəs, bu oyunda niyə danışmadınız? Əgər, hakimlərin idarə etdikləri oyunla bağlı şərh və yaxud mətbuata açıqlama verməkləri qadağan olunduğu təqdirdə, həmin matçın baş hakimi Elçin Məmmədov öz oyunuyla bağlı niyə açıqlama verib? Ona cəza düşmür? Bəs, Əfqan Həmzəyevin, Ceyhun Haşımovun, Ramil Diniyevin, Rövşən Əhmədovun açıqlama verməyinə niyə icazə vermədiniz?
P.S Premyer Liqanın XXVI turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" - "İnter" matçının videogörüntülərini ictimaiyyətə açıq şəkildə təqdim etməyi xahiş yox, tələb edirik! Çempionatımızın şəffaflığından danışanlar bunu etmək məcburiyyətindədirlər.
İLKİN VİDADİOĞLU SPORTMEDİA.AZ
|