Azərbaycanı "Birlik kuboku”nda təmsil edəcək Bakının "İnter” klubu yeni hücumçu axtarışındadır. Bu barədə apasport.az saytına komandanın prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, qış transfer müddətində ön xətti gücləndirmək istəyirlər.
Son ölkə çempionu cari mövsümdə məhsuldarlığın aşağı olması ilə diqqət çəkir. Təsadüfi deyil ki, "İnter” Premyer Liqanın 17 oyununda cəmi 14 qol vurub. Turnir cədvəlində 4-cü olan "bankirlər” "altılıq” uğrunda mübarizə aparan ilk 7 komanda arasında qol sayına görə sonuncudur. Bunun nəticəsidir ki, qələbə üzünə həsrət qaldığı son 3 oyunda "İnter” cəmi 1 qol vurub.
Elə Nikolov də az qol vurmalarından gileylənərək, düşdükləri uğursuzluq zolağından çıxmağın vacibliyini bildirib: "Bunun üçün mütləq qol vurmaq lazımdır. Qol vurmasan, qələbə qazana bilməyəcəksən. Bu, son vaxtlar oyunlarımızda müşahidə olunur. Qol vurmaq probleminin necə həll lazım olduğunu isə ilk növbədə futbolçular və məşqçilər müəyyənləşdirməlidir. Axı mən klub prezidentiyəm, meydana çıxıb, mən oynamıram ki? Bizə bu mənada kömək edə bilən hücumçu lazımdır. Qış fasiləsində bunu reallaşdırmağa çalışacağıq. İlin sonunda müqaviləsi bitən futbolçularımız var. Komandadan kimlərin gedəcəyi, kimləri transfer edəcəyimiz də məşqçilərə aid məsələdir”.
mənbə apasport.az
|