Bıçaq sümüyə çoxdan dirənsə də, heç kimin radikal addım atmağa cəsarəti çatmırdı. Axır ki, digərlərindən fərqli olaraq, AFFA rəhbərliyi ilə futboldan kənar heç bir alış-verişi olmayan, hər zaman sözünü deməyi bacaran Georgi Nikolov gözlənilən addımı atdı. Görünməmiş məzhəkə Bu, axır-əvvəl baş verməli idi. Bir gün birisi hakim hoqqalarından təngə gəlib, komandasını oyun bitməmiş meydandan çıxarmalı idi. Və həmin an nəhayət ki, yetişdi. Şənbə günü keçirilən «İnter» – «Bakı» duelində görünməmiş biabırçılıq yaşandı.
Yəqin ki, əksəriyyətiniz «Şəfa»da nələrin baş verdiyindən xəbərdarsız. Hər halda turun mərkəzi oyunu canlı yayınlandığından çoxunuz biabırçılığı öz gözlərinizlə gördüz. Həmin an ekran başında olmayanlar isə başverənlərin videogörüntülərini internetdən tapıb, izləyə bilərlər. İndi əsas məsələ kimin olayı necə qəbul etməsi, anlamasıdı. Təbii ki, hər kəs öz fikrini söyləməkdə sərbəstdi. Önəmli olan insanın vicdanının səsinə qulaq asmasıdı.
Bərabər səviyyədə keçən turun mərkəzi oyununda matçın baş hakimi Ramil Diniyev «İnter»in qapısına 2 penalti təyin etdi. Birinci epizodla bağlı etirazım yoxdu. «Bankirlər»in yeni transferi Enyo Krastovçev əllə oynadı və referi 11 metrlik nöqtəni göstərdi. Di gəl ki, Aleksandr Soliçin zərbəsini Georgi Lomaya dəf etməyi bacardı.
İndi də keçək əsas məsələyə. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə «Bakı»nın yeni transferi Junior Xaviyer Vilsonun aut atışından sonra top cərimə meydançasında yerə dəyib qalxdıqdan sonra Lomaya hamıdan hündürə hoppanaraq topu tutdu. Və həmin vaxt onun ayağı meydana yenicə daxil olmuş Nurlan Novruzovun sinəsinə dəydi. Olayın 2 metrliyində olan baş hakim oyunu davam etdirsə də, laysman Rahil Ramazanovun göstərişi ilə Lomayaya qırmızı vərəqə göstərib, «İnter»in qapısına penalti təyin etdi. Elə bundan sonra da ara qarışdı və «İnter»in prezidenti Georgi Nikolov meydana daxil olaraq, komandasını paltardəyişmə otağına apardı.
Bundan sonra hakimlər və «Bakı»nın futbolçuları meydanda bir az gözləsələr də, «bankirlər»in meydana qayıtmadığını görüb, onlar da çıxdılar. Və bununla hər şey bitdi. Paltardəyişmə otaqlarının qarşısında tərəflər arasında yaşanan söz duelinin ardından hər öz avtobusuna minib, getdi.
Lomaya ayağını hara soxmalı idi?
Başqa məqamlara keçməzdən öncə Nurlan Novruzovun «qazandığı» penalti barəsində fikirlərimi bölüşmək istəyirəm. Amma əvvəlcə, baş verən olayla bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun düşüncələrini bilmək maraqlı olardı. Gəlin, onu dinləyək: «Mən düşünmədən bəyan edirəm ki, orada hər iki penalti düzgün verilmişdi. Lomaya topa qalxarkən ayağı ilə rəqib futbolçunun sinəsinə zərbə endirib. Hakim də ədalətli şəkildə penalti təyin edib. Amma klubun prezidenti Georgi Nikolov dərhal meydana daxil olub komandanı meydandan çıxardı və matçın başa çatmasına imkan vermədi. Mən onun müsahibəsindəki tərbiyəsiz sözləri oxumuşam. Mən də demək istəyirəm ki, qoy o da öz sözlərinə fikir versin. Və yaxşı olardı ki, gedib matçın videoyazısını qarşısına qoyub, baxsın. Xalqın gözü qarşısında belə biabırçılığa gərək yox idi».
Matçı həm televiziya vasitəsi ilə canlı izləmişəm, həm qalmaqallı epizodun videogörüntülərinə internetdə dəfələrlə baxmışam. Bəli, Xaqani müəllim düz deyir, xalqın gözü qarşısında belə biabırçılığa gərək yox idi. Onun əlinin altında işləyən hakimlər belə rüsvayçılığa qol qoymamalı idilər. Sifariş yerinə yetirmək olar, amma bu dərəcə açıq-aşkar yox da.
Məmmədovun məlumu olsun ki, bu ölkədə yaşayanlar təkcə milli çempionatı izləmədikləri üçün öz əndrabadi qərarlarını ictimaiyyətə «belə də olmalıdı» kimi qəbul etdirə bilməzlər. Mən hələ indiyənə kimi dünyanın heç yerində topa hoppanan və ayağının birini irəli verməyən qapıçı görməmişəm. Bu işin qaydası budu. Qapıçı irəli şığıyanda özünü qorumaq üçün dizinin birini irəli verməlidi. Və əgər qapıçı göydə olduğu zaman ona cüzi bir toxunuş olarsa, cərimə zərbəsi təyin edilməli və qolkiper topu oyuna daxil etməlidi. Vallah, biz belə görüb-götürmüşük. İndi Nurlan kimi uşaq özünü itirib, ayaq altda qalırsa, bunda Lomayanın nə günahı var? Pis çıxmasın, «İnter»in qapıçısı göyə hoppanan zaman ayağını hara soxmalı idi? Hələ utanmaz-utanmaz da sinəsini açıb, şəkilin də çəkirlər. Daha deyən yoxdu ki, sən əvvəlcə bir az böyü, sonra başını-başlara qoş.
Qulaqcıq ancaq ev yıxanda lazım olur
AFFA Hakimlər Komitəsi «İnter» – «Bakı» oyununa Ramil Diniyevi təyin edən zaman öz-özümə düşünmüşdüm ki, görəsən, Vüsal Əliyev, Anar Salmanov, Fariz Yusifov dura-dura turun mərkəzi oyununa niyə təcrübəsiz hakim göndərirlər? Artıq həmin sualın cavabını bilirəm. Yaşasın, belə «ədalət təmsilçiləri»! Sözəbaxan uşaqlara həmişə çörək var.
Bilirsiz ən maraqlısı nədi? Xaqani Məmmədovun «perspektivli yetirməsi» olayın 2 metrliyində olsa da, fiti susur. Ardından laysman qulaqcıq vasitəsi ilə Diniyevə deyir ki, Lomayanı meydandan qov və «İnter»in qapısına penalti təyin et. Diniyev də yuxudan ayılmış kimi anlayır ki, vaxt başa çatmaq üzrədi, amma «Bakı» hələ qol vura bilməyib…
Qulaqcıq demişkən, həmin bu Ramil II tur çərçivəsində keçirilən «Rəvan» – «Neftçi» oyununa dördüncü hakim kimi təyin almışdı və həmin oyunda qulaqcığı olmadığından gülünc olaylar yaşanmışdı. Axı, bu necə olur Xaqani bəy? Qulaqcıq ancaq kiminsə evini yıxmağa hazırlaşanda lazım olur?
Nikolov sabahı düşündü
Bildiyimiz qədər AFFA-nın İntizam Komitəsi «İnter»ə ağır cəza verəcək. Görüşü yarımçıq tərk etdiyi üçün «bankirlər»ə premyer-liqanın Əsasnaməsinə uyğun olaraq 40 min manat cərimə kəsiləcək. Üstəlik, «İnter»ə texniki məğlubiyyət veriləcək və komandanın bəzi üzvləri cəzalanacaq. Komitənin bununla bağlı bu gün qərar çıxaracağı gözlənilir.
«İnter»in prezidenti Georgi Nikolov ağıllı adamdı. Bolqarıstanlı futbol funksioneri nə etdiyini gözəl bilirdi. Onun 40 min manatlıq cərimədən də xəbəri var, başqa şeylərdən də. Özünün də dediyi kimi, meydanı tərk etmələri təkcə baş verən qalmaqalla bağlı deyil. «İnter» haqlı olaraq, sabahını düşünərək bu addımı atdı. Əgər «Bakı»ya göz görə-görə uduzdurulduqlarını həzm etsəydilər, sabah da analoji durumla üzləşəcəkdilər. Ona görə də Nikolov komandasını meydandan çıxarmaqla çox düzgün addım atdı. Fikrimcə, hakim qərəzi ortadan qalxmayınca haqsızlıqla üzləşən hər bir klub belə etməlidi. Hakim səhv edə bilər. Amma onlardan «killer» kimi istifadə olunması yolverilməzdi.
Yeri gəlmişkən, «İnter»in prezidenti bu gün keçiriləcək AFFA İntizam Komitəsinin iclasından gözləntilərini dilə gətirib. Nikolov azerisport.com saytına müsahibəsində bunları deyib: «Bilirəm ki, əsasnaməyə uyğun olaraq, texniki məğlubiyyət alacağıq. Biz buna hazırıq. Hələ komandamı meydandan çıxarmağa qərar verəndə də bunları göz önünə alıb, etdim. Hərdən adamı bu kimi qərarlar verməyə məcbur edən belə hallar olur».
Klub prezidentinin sözlərinə görə, onlar AFFA İK-nın istənilən qərarına qarşı iddia qaldıracaqlar: «Mən sadəcə, maliyyə məsələlərini demək istəmirəm. Haqqımızda çıxarılan qərarlarla bağlı istənilən instansiyalara müraciət etməli olacağıq. Hətta məhkəməyə qədər gedəcəyik».
O, həmçinin baş məşqçi Kaxaber Tsxadadzenin postunda qalacağını da bildirib: «Biz bazar günü onunla görüş keçirdik. Baş məşqçi məndən tam dəstək aldı».
Bolqarıstanlı iş adamı həmçinin çempionatı tərk etməyə hazırlaşmadıqlarını da sözlərinə əlavə edib: «Biz çempionatı tərk etməyə hazırlaşmırıq. Mümkündü ki, oyundan sonra kimlərsə məni yanlış başa düşüblər. Mən sadəcə, onu dedim ki, belə çempionatda çıxış etməkdə məna görmürəm. Bunlar fərqli şeylərdi. Mənim elə bir qərar qəbul etmək hüququm yoxdu».
Nikolov həmin anda komandanı meydandan çıxardığına görə peşman olmadığını ifadə edib: «Heç kim mənə deyə, inandıra bilməz ki, orada düzgün qərar qəbul etmədim. Əgər oxşar olay yenə baş versə, eyni qərarı qəbul edərdim».
Tsxadadze Starkovu söymədiyini deyir
Bu arada oyunsonrası mətbuat konfransına qatılmayan «İnter»in baş məşqçisi Kaxaber Tsxadadze başverənlərə münasibət bildirib. O, rəqib komandanın çalışdırıcısı Aleksandr Starkovu söymədiyini dilə gətirib: «Mən «Bakı»nın baş məşqçisi Aleksandr Starkova qarşı hər hansı bir təhqiramiz ifadələr işlətməmişəm. Bununla bağlı yazılanlar tamamilə yalandı. Mən yalnız rəqib komandanın menecer heyətinə daxil olan klub rəsmisinin qeyri-adekvat davranışına etirazımı bildirmişəm».
Tsxadadze mətbuatda onun haqqında yazılan materiallardan biri barədə də fikirlərini açıqlayıb: «Adını açıqlamayacağam, qısaca cavab vermək istəyirəm ki, həmin idman saytı hələ uzun müddət xəyallara dalmalı olacaq. Mən komandamı çalışdırmaqda davam edəcəyəm».
«İnter» tələsik qərar verdi»
Təbii ki, «Şəfa»da baş verən qalmaqalla bağlı «Bakı» düşərgəsindən də açıqlamalar verən olub. Gəlin, əvvəlcə baş məşqçi Aleksandr Starkovun oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlərlə tanış olaq: «Həmin epizodda hakim doğru qərar vermişdi, orada penalti var idi. Nurlan Novruzovun sinəsində Georgi Lomayanın 45 ölçülü butsunun izi qalıb. Tsxadadzenin yerində olsaydım, komandanı meydandan çıxarmazdım. Bunu dəqiq bilirəm».
«Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov isə hər şeyə görə «İnter» rəhbərliyini günahlandırıb: «İnter» rəhbərliyinin hərəkətini başa düşə bilmədim. Onlar futbolçularını sakitləşdirmək əvəzinə daha da qızışdırdılar. Stadionda futbolu seyr edənlər arasında qadınlar, eləcə də uşaqlar vardı. Gərginliyin böyüməsi, yekunda vəziyyətin nəzarətdən çıxması ilə nəticələnəcəkdi. «İnter» tələsik qərar verdi. Bəlkə futbolçumuz topu göyə vuracaqdı. Oyunu bitirmək lazım idi».
«Bakı» nə vaxtdan «feyr-pley» tərəfdarı olub?
«İnter» – «Bakı» oyunu bitər-bitməz maraqlı bir xəbər yayıldı. Guya, «Bakı» tərəfi aranın sakitləşməsi və matçın davam etdirilməsi üçün «İnter»ə xüsusi təkliflə müraciət edib. Belə ki, paytaxtın eyniadlı təmsilçisi hadisələrin gedişinin yanlış məcraya axmasının qarşısını almaq üçün rəqibə bərabərlik təklif edib. Yəni «zolaqlılar» «İnter»in meydana qayıdacağı halda penaltini kənara vuracaqlarına söz verib. Ancaq «İnter»in futbolçuları avtobusa minərək stadionu tərk edib.
Təbii ki, bu xəbər başdan-ayağa uydurmadı. Elə «Bakı»nın vitse-prezidenti Zeynal Məmmədovun «Bəlkə futbolçumuz topu göyə vuracaqdı» deməsi də çox gülünc səslənir. «Bakı» nə vaxtdan «feyr-pley» tərəfdarı olub? Yoxsa düşünürsüz ki, «Xəzər-Lənkəran»la ölkə kubokunun finalındakı oyunda etdiyiniz rüsvayçılığı unutmuşuq? Xatırlayırsızsa, həmin vaxt topu öz qapınıza vurub, hesabı bərabərləşdirməli idiz. Amma etmədiz. Odu ki, camaata nağıl danışmayın.
İlk turda «Qəbələ»nin «Bakı»nın qapısına vurduğu qolun sayılmaması, ardınca «Simurq»la görüşdə sərbəst zərbə əvəzinə təyin olunan penalti, indi də bu hoqqa. Hər şey «Bakı»nın çempionluğu üçün hesablanıb? Ola bilməz ki, hər tur eyni komandanın lehinə bu qədər səhv olsun. Deməli, mövsümün əvvəlində çempionluğun «Bakı»ya vəd olunduğu barədə deyilənlər əbəs deyilmiş. Elədisə, bu yarış kimə lazımdı? Digər iddialıların qələbələri sıraladığı bir vaxtda «Bakı»nı da AFFA irəli dartacaqsa, hər şeyə rəğmən, komandanın çempionluğu üçün şərait yaradacaqsa, belə yarışda oynamağa dəyərmi? Nə yazıq ki, bu komandanın oyunçuları hətta dəqiq penalti vurmağı belə bacarmayıb hamilərini pis vəziyyətdə qoyur. Hər şey «Bakı» üçün hesablanıb, ancaq «İnter» tez ayıldı. Bu komanda meydandan çıxmaqla həm də örnək olası jest etdi.
Şamo, Ekspressfutbol
|