Главная » 2011 » İyun » 10 » “İnter”də nələr olur?(Yazı) Şamo, “Ekspressfutbol”
15:00 “İnter”də nələr olur?(Yazı) Şamo, “Ekspressfutbol” |
Belə transferlərlə uzağa getmək olmaz
İnter" düşərgəsində başverənlər paytaxt klubunun azsaylı azarkeşlərini narahat etməyə bilməz. "Bankirlər" mövsüm bitər-bitməz "təmizləmə əməliyyatı"na start verdi. Üstəlik, son günlər komandanın bəzi aparıcı oyunçuları bitən müqavilələrinin müddətini uzatmayıb, başqa klublara üz tutdu.
Tsxadadzenin "qara siyahı"sı
Hələ ötən saylarımızın birində "İnter"ə həsr etdiyimiz yazıda Kaxaber Tsxadadzenin bəzi futbolçulara qapını göstərməli olduğunu vurğulamışdıq. Xüsusən də paytaxt klubunun heyətində yer alan keyfiyyətsiz əcnəbilərin göndərilməsinin vacibliyini qeyd etmişdik. Sözügedən yazıda konkret olaraq, Filip Despatovski, Daniel Genov, Jivko Jelev, David Odikadze, Kaxaber Mjavanadze, İlia Kandelaki, Baçana Tsxadaze, Petar Zlatinov, Bronislav Çervenka və Robertas Poşkusu saxlamağa gərək olmadığını bildirmişdik.
Hadisələrin inkişafı göstərdi ki, baş məşqçi də sadaladığımız futbolçulardan əksəriyyətinin bir işə yaramadıqlarının fərqində imiş. Çox keçmədi ki, Tsxadadze heç cür özlərini doğrultmayan həmyerliləri David Odikadze və Kaxaber Mjavanadzeni, həmçinin makedoniyalı Filip Despatovski ilə kapitan Bronislav Çervenkanı yola saldı. Düzdü, sonuncu elə də pis oyunçu deyildi. Lakin yaşı artıq 35-i keçən çexiyalını saxlamağa lüzum yox idi.
"İnter" eləcə də "Simurq"a icarəyə verdiyi Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Jivko Jelev və Mario Souza ilə də bitən müqavilələrinin müddətini uzatmadı. Tsxadadzenin gərək duymadığı 2 futbolçunun göndərilməsini isə doğru saymırıq. Əlbəttə, ən yaxşısını gürcü çalışdırıcı özü bilər. Amma MOİK-də icarədə olan Nizami Hacıyevin və mərkəz müdafiəçisi Danildo Assiolinin komandada saxlanılmamasını yanlış addım kimi qiymətləndiririk.
Yeri gəlmişkən, Tsxadadze bizim "İnter" üçün yararsız saydığımız 5 futbolçunu heyətdə saxladı. Düzdü, o da Robertas Poşkusdan məmnun deyil. Lakin litvalı hücumçunun "bankirlər"lə müqaviləsi olduğundan onun qovulması kluba sərf etmir. Çünki belə olan halda "İnter" əcnəbi futbolçuya böyük məbləğdə təzminat ödəmək məcburiyyətində qalacaq. Gürcü mütəxəssisin saxladığı digər 4 futbolçuya gəlincə, onlardan biri oğlu Baçanadı. Ata Tsxadadze öz oğlu ilə necə deyərlər "getmə gözümdən, gedərəm özümdən" prinsipi ilə davranır. Baş məşqçinin xidmətində bundan sonra da maraqlı olduğu digər 3 oyunçu isə Petar Zlatinov, İlia Kandelaki və Daniel Genovdu. Görünür bizdən fərqli olaraq, Tsxadadzenin bu "üçlük"dən gözləntiləri var.
"İnter" nə düşünür?
Hər zaman əcnəbilərə üstünlük verən "İnter" legioner limiti tətbiq olunandan bəri heyətində yaxşı səviyyədə olan yerli oyunçu saxlamaq məcburiyyətindədi. Amma belə getsə, "bankirlər"in aqibəti acınacaqlı olacaq. Çünki iki gün öncə əsas heyət üzvü olan Rövşən Əmiraslanovla Aleksandr Çertoqanov "İnter"lə başa çatan müqavilələrinin müddətini yeniləməyərək, "Qəbələ"yə üz tutdular. Üstəlik, Çertoqanov kimi milliləşdirilmiş digər ukraynalı, kapitan Vladimir Levinin də paytaxt klubundan ayrılacağı gözlənilir. Mərkəz müdafiəçisinin karyerasını "Xəzər-Lənkəran" və ya "Qəbələ"də davam etdirəcəyi yönündə xəbərlər gəlməkdədi.
Açığı, bu yerdə "İnter"lə bağlı xeyli suallar ortaya çıxır. Görəsən, "bankirlər" nə düşünür? Çertoqanov, Assioli, Əmiraslanov kimi əsas heyət üzvlərini itirən paytaxt klubu onların gedişindən sonra yaranan boşluğu necə dolduracaq? Məgər Levin kimi oyunçunu əldən buraxmaq olarmı?
Bəli, suallar çoxdu. Problemləri çözmək isə rəhbərliklə baş məşqçinin üzərinə düşür. Lakin onların belə durumda nə etdikləri və nə edəcəkləri maraq doğurur. Sözün düzü, hadisələrin bu cür inkişafı "İnter" adına uğurlu gələcək vəd etmir.
Rəqiblər güclənir, "bankirlər" isə...
Başa çatan mövsümdə çempionluq şansını erkən itirən "İnter" bütün ümidini ölkə kubokuna bağlamışdı. "Bankirlər" finalda "Xəzər-Lənkəran"ı yenib, mövsümü titulla başa vurmaq istəyirdilər. Lakin bəxt son illərdə olduğu kimi, bu dəfə bakılıların üzünə gülmədi. Daha doğrusu, "İnter" tilsimi qırıb, sürpriz etməyi bacarmadı. "Bankirlər" tarixi ərzində vəsiqə qazandığı 4-cü kubok finalında da uduzunca avrokubokdan kənar qaldılar.
Çempionun adına yaraşmayacaq qrafiq cızması ilk növbədə premyer-liqaya lazımi səviyyədə hazırlaşmamasından irəli gəlir. Çünki ilbəil çempionatdakı komandalar güclənir və rəqabət artır. Məsələn, "Neftçi" və "Xəzər-Lənkəran"ın mövsümü müvafiq olaraq, 1-2-ci pillədə başa vurmaları onların güclənmə yönündə gördükləri işlərdən qaynaqlanır. Çünki hər iki kollektiv heyətini xeyli genişləndirib. Amma "İnter" daha əvvəlki kimi transferə pul ayırmır. Paytaxt klubu mövsümlərarası fasilədə də analoji şəkildə davransa, onda çətin ki, növbəti mövsümdə də nəsə etsin. Bu gedişlə "bankirlər" 2011/12 avrokubok mövsümünü də kənardan izləyəcəklər.
Belə transferlərlə uzağa getmək olmaz
Mövsüm başa çatdıqdan sonra 13 oyunçusu ilə yollarını ayıran "bankirlər" ötən müddət ərzində 3 futbolçu ilə güclənib. "İnter"in növbəti mövsüm üçün ilk transferi "Gəncə"nin yarımmüdafiəçisi Samir Zərgərov oldu. Bakılılar 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzaladı.
"Bankirlər"in heyətinə qatdığı Samir Abdulov da sonuncu mövsümü "Gəncə"də keçirib. Görünür onun qardaşı gənc Elnur Abdulovun "İnter"in əvəzedici heyətində parlaq oyun nümayiş etdirməsi Tsxadadzedə Samirə qarşı da maraq oyadıb.
Paytaxt klubu dünən ötən yay "Xəzər-Lənkəran"a satdığı Asif Məmmədovu geri qaytarıb. Onun transferi üçün Cənub klubuna 40 min dollar ödəyən "İnter" futbolçu ilə 1 illik müqavilə bağlayıb.
Açığı, bizə hər 3 futbolçuya uğurlar diləməkdən başqa bir şey qalmır. Amma gerçəyi söyləmək gərəkirsə, bu "üçlük" böyük hədəflər uğrunda mübarizə aparacaq futbolçu imicində deyillər. Hə, Zərgərov milliyə dəvət olunur. Amma nə o, nə də digər 2 oyunçu "İnter"in gücünə güc qatacaq səviyyədə deyil. Asif isə son mövsümü demək olar ki, ehtiyat oyunçular skamyasında keçirdib. Ümumiyyətlə, Tsxadadzenin özü də həmişə ona əvəzedici oyunçu gözü ilə baxıb. Abdulova gəlincə, gəncdi, pis futbolçu deyil. Amma o, son 3 mövsümdə müvafiq olaraq, "Simurq", AZAL və "Gəncə"də ehtiyatda qalıb. Belə olan halda "İnter"də forma şansı qazanmaq üçün daha çox çalışmalı olacaq.
Paytaxt klubu üçün təkliflərimiz
Əslində, "İnter"in vəziyyəti biz düşündüyümüzdən də ağırdı. Çünki hazırkı anda məsələ pul kisəsinin ağzını açmaqla bitmir. Problem ondadı ki, normal, millinin formasını geyinən yerli oyunçuların əksəriyyəti müqavilə ilə bu və ya digər kluba məxsusdu. Və çətin ki, hazırkı anda kimsə yığma üzvünü başqa kluba sata.
Belə olan halda, "İnter" boşda qalan bəzi futbolçularla anlaşmaq üçün həmlə etməlidi. Məsələn, "bankirlər" Branimir Subaşiçin transferini reallaşdırmaq üçün tələssə, yaxşı olar. Çünki onun həm səviyyəsi bəllidi, həm də Azərbaycan pasportuna sahibdi.
Hələlik ortalıqda qalan Vaqif Cavadov da "İnter" üçün pis variant deyil. Yığmamızın forvardı son mövsümü boşa versə də, istedadlı oyunçudu. O da, Branimir kimi "bankirlər"in gücünə güc qata bilər.
"İnter"in həmçinin, 3 sabiq oyunçusunu geri qaytarmaq imkanı var. "Bakı"dan ayrılan Leonardo Roşa, "Qarabağ"a lazım olmayan Samir Abasov və Qurban Qurbanovun nadir hallarda şans verdiyi Andrey Rubini heyətə qatmaq mümkündü. Tsxadadze "Neftçi"də ümidləri doğrultmayan, icarə əsasında çıxış etdiyi "Simurq"da da adından söz etdirməyi bacarmayan Fərid Quliyevi də sınaqdan keçirsə, uduzmaz.
Təbii ki, bunlar hamısı təkliflər və ehtimallardı. "İnter"i qarşıda 2 təlim-məşq toplanışı gözləyir ki, alış-veriş məsələlərinə də həmin vaxt baxılacaq. İyunun 23-dən iyulun 11-nə qədər nəzərdə tutulan ilk toplanışın məkanı da artıq məlumdu. "İnter"in ilk hazırlığı Türkiyənin İsparta şəhərində keçiriləcək. Bakılılar şəhərin hava limanından 50 kilometr aralıqda yerləşən "Sirene Devras" otelində məskunlaşacaq. Paytaxt klubu bu təlim-məşq toplanışı çərçivəsində bir neçə hazırlıq oyunu keçirməyi planlaşdırır. "Bankirlər"in rəqiblərinin adları isə hələ dəqiqləşməyib.
Şamo, "Ekspressfutbol”
|
Категория: Azarkeş Məqalələri (Bloq) |
Просмотров: 515 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|