Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" Ukraynanın "Metallurq"(Zaporojye) klubu ilə yoxlama görüşünü keçirib. "İnter" ilk görüşündə rəqibini 4:0 hesabı ilə darmadağın edib.Birinci hissənin əvvəlindən qarşılıqlı hücumlar şəraitində keçən oyunun 20-ci dəqiqəsində "Metallurq" futbolçuları Lomayanın qapısına yol tapsa da, görüşün baş hakimi bu epizodda oyundan kənar vəziyyəti qeydə alaraq, qolu saymadı. "İnter" buna Girts Karlsonsun akrobatik zərbəsi ilə cavab verdi, lakin "Metallurq"un qapıçısı komandasını qoldan xilas edə bildi. Oyunun fasiləsində Kaxaber Sxadadze heyətin 8 üzvünü istirahətə yolladı. Onların yerinə meydana Dmitri Kramarenko, Rüstəm Abbasov, Baçana Tsxadadze, Samir Zərgərov, Xəyal Mustafayev, Ruslan Poladov, Nizami Haciyev və Daniel Genov daxil olublar.Bu əvəzetmələr oyunun taleyinə təsir göstərib. Artıq 54-cü dəqiqədə Daniel Genovun ötürməsindən sonra Nizami Haciyev hesabı açdı. 11 dəqiqə sonra baxışda olan Rüstəm Abbasov baş zərbəsi ilə hesabı 2:0-a çatdırıb. "Metallurq" özünə gəlməmiş "İnter" üçüncü dəfə fərqləndi. Bu dəfə Ukrayna komandasını Baçana Tsxadadze məyus edib. Görüşün başa çatmasına 3 dəqiqə qalmış isə "İnter"in yeni transferi Samir Zərgərov oyunda nöqtə qoyub.
Qeyd edək ki, "Metallurq" klubu "Neftçi" ilə də yoxlama görüşü keçirmiş və həmin oyunda 0:3 hesabı ilə məğlub olmuşdu.