AFFA və "Danone" şirkətinin birgə təşkilatçılığı ilə keçirilmiş Azərbaycan birinciliyinin qalibi olan "İnter" klubunun nəzdindəki U-13 komandası Cənubi Afrika Respublikasında təşkil olunmuş "Danone Beynəlxalq Kuboku"nda iştirak edir. təmsilçimiz Rusiya, Kolumbiya, Banqladeş və İspaniya komandaları ilə eyni qrupda mübarizə aparıb. "İnter" U-13 qrup mərhələsində keçirdiyi oyunlarda Rusiya və Banqladeş təmsilçilərinə 1:0, Kolumbiya komandasına 2:1 hesabı ilə qalib gəlib, İspaniya ilə oyunda isə 0:2 hesabı ilə məğlub olaraq qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Bu mərhələdə Yaponiya komandasına 0:1 hesabı ilə uduzan "İnter" U-13, 9-cu yer uğrunda oyunda Türkiyə komandası ilə qarşılaşıb. Bu oyun da təmsilçimizin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 13-cü yer uğrunda qarşılaşmada iştirak etmək hüququ qazanmaq üçün komandamız Çexiya ilə görüşüb və 3:1 hesabı ilə qələbə qazanıb. "İnter" U-13 bu gün 13-cü yer uğrunda oyunda Çili komandası ilə qarşılaşacaq.
Cənubi Afrika Respublikasında təşkil olunmuş «Danone Beynəlxalq Kuboku»nda çıxış edən "İnter” klubunun nəzdindəki 13 yaşadək futbolçulardan ibarət komanda bu gün 13-cü yer uğrunda oyun keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təmsilçimiz, əvvəlcədən xəbər verildiyi kimi, Çili komandası ilə deyil, turnirin təşkilatçılarının etdiyi dəyişiklik səbəbindən İspaniya komandası ilə qarşılaşıb. Oyunda hesab açılmadığı üçün qalib oyunsonrası penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən ispaniyalı futbolçular 3:2 hesabı ilə qələbə qazanıblar. Beləliklə, «Danone Beynəlxalq Kuboku»ndakı təmsilçimiz turnirdə mübarizə aparan 40 komanda arasında 14-cü yeri tutub
mənbə fanat.az
|