Premyer Liqanın 14-cü turunun son oyunu "İnter" və AZAL arasında keçiriləcək. Ardıcıl iki turdur ki, qələbə qazanan "təyyarəçilər"in bu görüşdə hansı nəticəni göstərəcəyi maraqla gözlənilir.
Bu oyunöncəsi AZAL-ın aparıcı futbolçusu Mənsur Limani Premyerliqa.az-a qısaca fikirlərini bildirib: "İnter" Azərbaycanda öz oyunu ilə digər klublardan fərqlənir. Onlarla oynamaq həqiqətən çətin olacaq. Ancaq hər cür hesab qeydə alına bilər. Bircə onu deyə bilərəm ki, hazırda komandamız yaxşı formadadır.
Özümüzəinam da geri dönüb. Buna görə də "İnter"lə oyundan qələbə ilə ayrılacağımızı düşünürəm. Üç xal üçün sonacan oynayacağıq. Yaxşı formadayıq, bizi ancaq qələbə qane edə bilər".
Limanı fikirlərinə bu cür davam edib: "Qəbələ" və "Kəpəz" kimi güclü klubları məğlub edib yaxşı forma yığmışıq. İlk dövrədə "İnter"lə yaxşı oynasaq da, son dəqiqələrdə qələbəni əldən vermişdik. Bu dəfə isə üç xalı qazanacağımıza inanıram".
|