Premyer Liqanın IV turunun mərkəzi qarşılaşması "Şəfa" stadionunda baş tutdu. İlk iki turda hərəyə iki qələbə qazanıb, bir heç-heçə edən və məğlubiyyət acısı dadmayan "İnter"lə "Neftçi" münasibətlərini aydınlaşdırdı. "İnter"in əsas heyətində iki dəyişiklik var idi. Belə ki, "Xəzər Lənkəran"la oyunda meydana sonradan çıxan İlya Kandelaki və ehtiyatda qalan Mario Souza bu dəfə meydana start heyətində çıxmışdı. Zədəli olduğu deyilən Aleksandr Çertoqanov da ilk dəqiqələrdən mübarizəyə qoşulmuşdu. Əvəzində ötən oyunda start heyətində yer alan Rövşən Əmiraslanov və Valeri Abramidze bu dəfə oyunu ehtiyat oyunçular skamiyasından izlədi. "Neftçi"nin heyətində də dəyişikliklər var idi. Zədəsini sağaldan Elmar Baxşıyev start heyətinə dönmüşdü. "Simurq"la oyunda ilk 11-likdə yer almayan Cavid Hüseynovla Alessandro Viana da Silva da meydana ilk dəqiqələrdən çıxmışdı. Əvəzində "Simurq" matçında meydana start heyətində çıxan və 35-ci dəqiqədə əvəzlənən Fərid Quliyev, 90 dəqiqə oynayan Ruslan Əmircanov, 72 dəqiqə mübarizə aparan və qol vuran Rəşad Abdullayev bu dəfə siyahıya düşməmimşdi. Fərid matçın gedişində oyuna qoşulsa da, digərləri "İnter"lə görüşün iştirakçısı olmadı. Oyuna gəlincə, ilk dəqiqələrdən meydanda "Neftçi" üstün tərəf idi. Komandanın heyətində Bahodir Nasimov, Flavinyo, Alessandro Viana da Silva və Mirhüseyn Seyidov daha fəal olsa da, demək olar ki, bütün futbolçular üzərinə düşən işi artıqlaması ilə yerinə yetirirdi. İlk yarı demək olar ki, "İnter"in qapısı qarşısında keçdi. Bahodir Nasimov iki dəfə qola yaxın olsa da, istəyinə üçüncü cəhddə çatdı. O, qarşılaşmanın 33-cü dəqiqəsində Flavinyonun gözəl ötürməsini gözəl qolla tamamladı. Bununla da özbək hücumçu qol sayını 6-ya çatdırdı. "İnter" ilk 45 dəqiqədə rəqib qapısı önündə cəmi bir təhlükəli vəziyyət yarada bildi. İkinci yarının əvvəllərində "İnter" bir qədər fəallaşsa da, tezliklə yorulan futbolçular komandanın fiziki hazırlığının qaydasında olmadığını göstərdi. Bunun nəticəsi olaraq ikinci 45 dəqiqə də "Neftçi"nin üstünlüyü şəraitində keçdi və komanda dəfələrlə qola yaxın oldu. İkinci qol 50-ci dəqiqədə vuruldu. Cərimə meydançasında Flavinyoya qarşı "İnter"in müdafiəçisi kobud oynadı və Anar Salmanov penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan braziliyalı futbolçunun zərbəsi dəqiq oldu. Bununla da Flavinyo ikinci rəsmi oyununda qol hesabını açdı. 61-ci dəqiqədə Mirhüseyn Seyidovu əvəzləyən Emil Mpenza hesabı 3:0-a, hətta 4:0-a çatdıra bilərdi. İki dəfə qola yaxın olan belçikalı forvard bir halda yüzfaizlik qol imkanını boşa verdi. Buna baxmayaraq, "Neftçi" 2:0 hesablı qələbə qazanaraq, ən azı bir günlük turnir cədvəlinin vahid lideri oldu.
İnter - Neftçi 0:2 İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov (77. Daniel Genov, 53), 8. Aleksandr Çertoqanov (10. Camal Məmmədov, 86), 18. İlya Kandelaki, 19. David Odikadze, 21. Arif Daşdəmirov, 23. Şəhriyar Rəhimov, 32. Robertas Poşkus (k), 35. Mario Souza (20. Girts Karlsons, 56), 84. Filipe Maçado. Ehtiyat oyunçular: 42. Səlahət Ağayev, 11. Asif Mirili, 13. Bronislav Çervenka, 44. Valeri Abramidze. Məşqçi: Georgi Çixradze. Neftçi: 24. Paulius Qribauskas, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgievski, 8. Elmar Baxşıyev, 9. Flavinyo, 11. Cavid Hüseynov (7. Fərid Quliyev, 84), 14. Bahodir Nasimov (17. Araz Abdullayev, 72), 16. Alessandro Viana da Silva, 19. Mirhüseyn Seyidov (10. Emil Mpenza, 61). Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 18. Ruslan Əmircanov, 23. Tural Nərimanov, 26. Tərlan Quliyev. Baş məşqçi: Arif Əsədov. Qollar: Bahodir Nasimov, 33. Flavio Aleks Valensio, 50-pen. Sarı vərəqələr: İlya Kandelaki, 12. Danildo Assioli, 50. Daniel Genov, 70 - Slavko Georgiyevski, 87. Hakimlər: Anar Salmanov, Eldar Nağıbəyov, Elman Musayev, Elçin Məmmədov. AFFA nümayəndəsi: Elbrus Abbasov. Hakim-inspektor: Əhmədağa Cabbarov. 28 avqust. "Şəfa" stadionu. 3000 tamaşaçı.
Mətbuat Konfransından
"Tsxadadzenin cəzalı olması da komandaya psixoloji təsir etdi" Georgi Çixradze: "Oyunu dəyişmək çox çətin idi"
"Oyunumuz alınmadı, ilk hissədə qapımızda qol gördük. İkinci hissənin başlanğıcında isə daha bir qol buraxdıq. Bundan sonra oyunu dəyişmək çox çətin idi". bu sözləri "Neftçi" ilə oyundan sonra "İnter"in məşqçisi Georgi Çixradze deyib. Kaxaber Tsxadadze cəzalı olduğu üçün "İnter"i meydana çıxaran gürcü məşqçi problemlərdən danışıb: "Qarşılaşmaya bir sıra itkilərlə çıxmışdıq, bəzi futbolçularımız zədəlidir. Bu, oyunumuza müəyyən təsirini göstərdi. Baş məşqçimiz Kaxaber Tsxadadzenin cəzalı olması da komandaya psixoloji təsir etdi. "Neftçi"yə qarşıdakı oyunlarda uğurlar arzulayıram"
"Bu oyuna xüsusi motivasiya ilə hazırlaşmışdıq"
Arif Əsədov: "Hər oyundan sonra komandada uyğunlaşma daha da yaxşılaşır"
"Bütün futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm, hamısına minnətdarlığımı bildirirəm. Göstərilən oyundan məmnun qaldım". xəbər verir bu sözləri "İnter"lə oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. Əsədov yetirmələrindən razılıq edib: "Bu oyuna xüsusi motivasiya ilə hazırlaşmışdıq. Ötən mövsüm "İnter"ə qarşı keçirdiyimiz bir çox oyunlarda məğlub olmuşduq. Bu gün qalib gəldik, ayrı-ayrı ad çəkmək istəmirəm, futbolçularımın hamısından razıyam. Keçirilən hər oyundan sonra komandada uyğunlaşma daha da yaxşılaşır. "İnter"ə uğurlar arzu edirəm".
|