Bu gün ölkə çempionatının ikinci dövrəsinə start veriləcək. İlk dövrənin üçüncüsü "İnter” lider "Neftçi”nin qonağı olacaq. Tərəflər arasında ilk dövrədə keçirilən oyun "Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. "Bankirlər” oyunun hazırlıqlarını davam etdirirlər və ikinci dövrəyə qələbə ilə başlamaq niyyətindədirlər. Heyətin aparıcı üzvlərindən olan İlia Kandelaki də matça qələbə üçün çıxacaqlarını deyir. Mövsümlərarası fasilədə "Şturm”dan transfer edilən gürcü futbolçu qısa zamanda əsas heyətin daimi üzvünə çevrilə bilib. Dünən 28 yaşlı yarımmüdafiəçidən bizi maraqlandıran suallara cavab almaq istədik. - İkinci dövrənin ilk oyununda "Neftçi”nin qonağı olacaqsınız. Bu görüşdə hansı nəticəyə ümid edirsən?
- Təbii ki, oyundan qələbə ilə ayrılmağa ümid edirik. Qələbədən başqa da heç nə düşünmürük. Biz ötən ilin çempionuyuq. Mövsümün sonunda da həmin çempionluğu qorumaq üçün çalışırıq. Hazırda "Neftçi”dən güclüyük. Düzdür, ilk dövrədə öz evimizdə onlara məğlub olmuşduq. Həmin görüşdə istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Bu, futboldur, futbolda isə hər bir nəticə qeydə alına bilər. Amma bu dəfə onları məğlub etmək üçün bütün hazırlıqları keçmişik. Baş məşqçimiz onları yaxşı təhlil edə bilib. "Neftçi”ni yora bilsək, rəqibi məğlub edəcəyik. - Səncə, hazırda "Neftçi”nin zəif nöqtələri hansılardır? - Mən oyundan öncə rəqib komanda barədə çox danışmağı sevmirəm. çünki oyundan əvvəl çox şey demək düzgün deyil. Buna görə də "Neftçi”nin zəif və güclü nöqtələri barədə danışmaq istəmirəm. Amma bircə onu deyə bilərəm ki, hər bir klubun mütləq zəif və güclü nöqtələri olur. Əgər qol vurmaq istəyirsənsə, həmin zəif nöqtəni tez bir zamanda tapmalısan. Qapını toxunulmaz saxlamaq istəyirsənsə, o zaman rəqibin güclü mövqeyini müdafiənin köməyi ilə bağlamaq lazımdır. - "Neftçi” ilə ilk dövrədəki oyundan sonra bu komandanın digər klublarla matçını izləmisənmi? - Əgər düzünü demək lazımdırsa, bizimlə matçdan sonra "Neftçi”nin heç bir oyununa baxmamışam. Açığı, onların oyununu izləmək üçün belə bir imkanım da olmayıb. Düzdür, gərək qarşılaşacağın rəqibin oyununu əvvəlcədən izləyib, zəif və güclü nöqtələrini götür-qoy edəsən. Belə olduqda rəqibə qarşı oynamaq daha asan olur, yəni artıq qarşılaşmadan öncə onun zəif nöqtəsini bilib, lazım olan şəkildə hərəkət edirsən. - İlk dövrədə AZAL-a 0:5 hesabı ilə məğlub oldunuz. Hansı səbəblərə görə, bu cür ağır məğlubiyyət aldınız? - Matça çox yaxşı hazırlaşmışdıq və bundan əlavə, rəqibin də zəif olmadığını anlayırdıq. Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə bir neçə qol epizodlarımız oldu, amma onlardan yararlana bilmədik. Bir sözlə, birinci hissə ilə ikinci hissədə tam fərqli futbol oynadıq. Bilmirəm, ilk hissədən sonra komandaya nə oldu ki, futbol oynaya bilmədik? Bütün komanda oynamadı. Sanki ayağımızı bağlamışdılar. Yəni həmin məğlubiyyət barədə deməyə sözüm yoxdur. Amma məncə, 0:2-dən sonra, ümumiyyətlə, özümüzü itirdik və nəticədə bu cür ağır məğlubiyyət aldıq. Lakin tez bir zamanda toplanmağı bacardıq. - Avropanın bir çox ölkəsində legioner həyatı yaşamısan. Səncə, Azərbaycan futbolu Avropa səviyyəsindən nə ilə geri qalır? - Mən Gürcüstan, Ukrayna, Almaniya və Avstriyada futbol həyatı yaşamışam. Avropa ölkələrində futbol tam başqa cürdür. Lakin Azərbaycan çempionatı da daha güclü olmağa namizəddir. Görürəm ki, burada daha çox legionerlər çıxış etməyə başlayıblar. ölkənizdə çoxlu legionerlərin çıxış etməsi, məncə, pis hal deyil. Təbii ki, söhbət səviyyəli və əsl futbolçudan gedir. Əgər klublarınızda, həqiqətən də, səviyyəli legionerlər oynayırsa, bunun nəyi pisdir? Elə klub var ki, yerlilərə, eləsi də var xarici futbolçularun oynamasına üstünlük verir. Mən burada problemli bir şey görmürəm. Əsas odur ki, komanda öz oyununu nümayiş etdirə bilsin. Ancaq klublarınızda çoxlu legionerlərin çıxış edib-etməməsinin yaxşı və yaxud pis olduğuna mən qərar verə bilmərəm. Amma bir söz deyim ki, mən Ukrayna, Almaniyada çıxış edən zamana həmin klublarda əsas heyətdə 8-9 legioner oyuna çıxırdı. Hər yerdə bu cürdür. Kimsə deyə bilməz ki, bizim ölkədə legioner futbolçu oynamır. Sizin futbolun inkişafı üçün külli miqdarda yatırımlar da var. Yəqin ki, qarşıdakı illərdə ölkə çempionatınız daha yüksək səviyyədə olar. - Almaniya və Avstriya kimi ölkələrdə legioner həyatı yaşamısan. Səncə, Azərbaycan futbolunu həmin ölkələrdəki futbolun səviyyəsinə çatdırmaq üçün nələr etmək lazımdır? - İnanın ki, nəsə deyə bilmərəm. Mən sadə bir futbolçuyam, bununla elə bu işlə məşğul olanlar maraqlanırlar. Yəqin ki, bu sualın cavabını onlar daha yaxşı bilməlidirlər. Sadəcə olaraq, onu deyim ki, ölkə çempionatınızın oyunlarına həddən artıq az azarkeş gəlir. Avropada tamam başqa cürdür. Orada insanlar futbola dincəlməyə gəlirlər. - Gürcüstan millisindəki çıxışlarını tamamlamısanmı? - Hələ bilmirəm. Bu barədə qəti qərarımı verməyə tələsmirəm. Millidə oynamaq üçün hələ vaxtım var. ümumiyyətlə, Azərbaycandan əvvəl çıxış etdiyim ölkələrdə olarkən milliyə daim dəvət alırdım. - Bəlkə, Ketsbayanın qərarı ilə əlaqədardır? - Hansı qərar? - Temuri Ketsbaya Azərbaycanda çıxış edən gürcüləri milliyə dəvət etməyəcəyi qərarını verib. Bəlkə, elə buna görə səni yığmaya cəlb etmir?
- Düzü, bu qərar barədə məlumatım yox idi. Ancaq baş məşqçi odur və qərar da onundur. Azərbaycan çempionatının səviyyəsi... - Normal səviyyəli çempionatdır. Premyer Liqada güclü klublarınız oynayır. Elə ona görə də çempionat maraqlı keçir. Yenə deyirəm ki, azarkeşlərin az olması çox pis haldır. Nədənsə oyunlara gəlmirlər. Elə Azərabycan çempionatının oynadığım xarici ölkələrdən ən böyük fərqi azarkeşlərin az olmasıdır. Düzdür, milliniz və klublarınızın Avrokubok oyunlarına kifayət qədər fanat gəlir. Amma elə təbliğat aparmaq lazımdır ki, ölkə çempionatının matçları zamanı da tribunalarda azarkeşlər olsun. Mənbə: Çempion qəzeti
|