Bakının "İnter” klubunun əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib. Ikiqat Azərbaycan çempionu olan Tofiq Mustafayev paytaxt təmsilçisinin əvəzedicilərinin sükanı arxasına keçib. Bu haqda apasport.az saytına Mustafayevin özü məlumat verib. O, bu postda Elşad Əhmədovu əvəzləyib. Futbolçu karyerasını "Qarabağ”da keçirməsi ilə tanınan 41 yaşlı keçmiş müdafiəçi "Neftçi”nin əvəzedicilərini çalışdırmaq təklifini qəbul edərək, "bankirlər”lə yollarını ayırıb. "İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadze boş qalan əvəzedicilərin baş məşqçisi vəzifəsində məhz Mustafayevi görmək istəyib və rəhbərlik bu təyinatı reallaşdırıb. Son yarım ildə "İnter”də işləyən 55 yaşlı çalışdırıcı 15 yaşlılardan ibarət komandasına rəhbərlik edirdi. Mustafayevin qısa müddətdə işini uğurlu saymaq olar. Belə ki, o, mövsümün ortasında qəbul etdiyi komandanı çempionatın bürünc medalçısı etdi. Bu isə "İnter”in ötən mövsüm bütün komandalarını nəzərə alsaq, medal qazandığı yeganə komanda oldu. Klubun fəxri prezidenti Cahangir Hacıyev 15 yaşlıların çempionatda oyunlarını izləyərək, baş məşqçisinə etimad göstərir. Hacıyev komanda mükafat qazanandan sonra Mustafayevə zəng edərək, şəxsən onu təbrik edib. Artıq yeni işinə başlayan təcrübəli mütəxəssis əvəzedici komandanı ikitərəfli oyunda sınayaraq, seçim prosesini həyata keçirir. Yeni çalışdırıcının qarşısında duran vəzifə əsas komandaya futbolçu hazırlamaq olacaq. İyunun 30-da əvəzediciləri Qusara təlim-məşq toplanışına aparacaq Mustafayev orada hazırlıq prosesi keçəcək. Qeyd edək ki, Mustafayev "Neftçi” və "Xəzər Lənkəran”da baş məşqçi Ağasəlim Mircavadovun əsas köməkçisi olub. O, bu komandaların məşqçisi kimi həm ölkə çempionluğu, həm də "Birlik kuboku”nu qazanıb. Mustafayev həmçinin "Neftçi” ilə çempionatımızın bürünc medalını, "Xəzər Lənkəran”la 2 dəfə ölkə kubokunu əldə edib.
|