"İnter" - AZAL oyununda meydan sahiblərinin vurduğu qol zamanı AZAL-ın qolkiperi Cahangir Həsənzadə stadionun işıqlarından şikayətlənib. Qapıçı iddia edir ki, bu barədə baş hakim Rövşən Əhmədova məlumat verib. Lakin referi onun sözlərinə əhəmiyyət verməyib. Baş hakim belə halda nə etməli idi? Beynəlxalq dərəcəli hakim Babək Quliyev bu hadisəyə belə aydınlıq gətirib: "Oyunun gedişində stadionun işıqlandırılmasında problemlər yaranarsa, oyun dayandırılmalı və problem həll olunan kimi yenidən bərpa olunmalıdır. Əgər həqiqətən də Cahangir Həsənzadə bu barədə baş hakimə məlumat veribsə, Rövşən Əhmədov cəza almalıdır. Oyunun təkrar keçirilməsi isə mümkün deyil. Əgər qapıçı zədə alarsa, oyun davam etdirilə bilməz. "İnter” – AZAL oyununda isə qapıçı deyir ki, işıqlar sönüb, yaxşı görmürəm. Məgər belə halda oyunu davam etdirmək olar? Əfsuslar olsun ki, hakim səhvləri bitmək bilmir”.
Premyerliqa.az
|