"İnter”PİK-in prezidenti Georgi Nikolov saytımıza müsahibəsində komandanın indiki mövsümdə çıxışından danışdı, əcnəbi hakimlərin dəvət edilməsi məsələsinə toxundu və digər suallara cavab verdi.
-Azərbaycan çempionatında baş verən qalmaqallı hadisələrdən sonra əcnəbi hakimlərin dəvət edilməsi məsələsi aktuallaşdı. Bu məsələ barədə fikrinizi bilmək istərdik. -Bir neçə il bundan öncə belə insidentlər baş verən zaman mən bu ideyanın tərəfdarlarından biri olmuşam. Mən bu ideyanı həmişə dəstəkləmişəm. Bu məsələ PFL-in kompetensiyasındadır, lakin şəxsən mən hesab edirəm ki, xüsusilə vacib oyunlara əcnəbi hakimlər dəvət oluna bilər. -Amma bu məsələnin başqa aspekti də var. Axı son illər yerli hakimlər hər dəfə xaricdə təlim-məşq toplanışları keçirərək mövsümə hazırlaşırlar. Ancaq əcnəbi hakimlərin dəvət olunacağı təqdirdə belə alınacaq ki, bütün təlim-məşq toplanışları və hazırlıqlar hədər getdi -Bu, medalın başqa tərəfidir. Və həqiqətən də Azərbaycanın futbol instansiyalarının rəhbərlərinin yerli hakimlərin inkişafına münasibətdə göstərdikləri cəhdlərin hədər gedəcəyi təəssüf doğurar. Mən son bloqumda yazmışam ki, yerli hakimlər zəif deyillər, lakin psixoloji planda üzərilərində çox işləməlidirlər. -İndi komanda barədə suallara keçək. 13 tur arxada qaldı, çempionat qış fasiləsinə yaxınlaşır. "İnter”in ilk 13 turda çıxışını necə qiymətləndirirsiniz? -"İnter” ard-arda artıq 10 oyundur uduzmur. Bu, komandanın sabit çıxışının göstəricisidir. Kaxaber Tsxadadzenin komandanın xətləri arasında optimal balans tapdığını düşünürəm. Qapıçı və müdafiə xətti sabit oynayır- biz ən az qol buraxmışıq. Az qol buraxmağımız bir qədər məyus edir. Lakin ümumilikdə komanda xoş oyunuyla sevindirir. İndiki mərhələdə hər şey yaxşıdır və nəticədən razıyam. Əlbəttə ki, bununla hər şey bitmir və komandanın bundan sonra da özünü daha yaxşı tərəfdən göstərməsini istərdim. -Qarşıda "İnter”i AZAL ilə oyun gözləyir. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz? -Düşünürəm ki, AZAL-ın uğura az şansı var və əminəm ki, komandamız bu oyunda uğurlu nəticə əldə etməyi bacaracaq. -Qış fasiləsi uzaqda deyil. Hər komanda heyətini gücləndirməyə çalışacaq. "İnter” heyətini gücləndirməyi planlaşdırırmı? -Transfer fəaliyyəti məşqçi heyətinin imtiyazıdır. Bu məsələdə mən ancaq icra işlərini yerinə yetirirəm. Baş məşqçilə bu məsələni müzakirə etmişik və heyəti 2-3 futbolçu ilə gücləndirməyi planlaşdırırıq. Bu oyunçular hücum mövqeyində oynayan futbolçular olacaqlar, baş məşqçi hücum xəttini gücləndirmək istəyir. Odur ki, "İnter”in heyətində bir neçə yeni ismin olacağını gözləmək olar. Biz həm yerli, həm də xarici futbol bazarlarında axtaracağıq. Bunu Kaxaber Tsxadadze ilə müzakirə etmişik və mən dedim ki, diqqəti ilk növbədə yerli futbolçulara yönəltmək lazımdır, axı bu mövsümdən etibarən gənc azərbaycanlı futbolçulara daha çox fikir verilməsi fəlsəfəsinə üstünlük ayırırıq. Və deyim ki, bu fəlsəfə artıq özünü doğrultmağa başlayır. -"İnter”PİK-də Uşaq-Gənclər Futbol Məktəbinin inkişafına da diqqət yetirilir. Məktəbin fəaliyyətindən razısınız? -Mən çox şadam ki, UGFM-nin inkişafı üzrə layihə rəhbəri Valentin Xodukinin fəaliyyəti özünün bəhrəsini verir. Məktəbin məşqçi və inzibati heyəti uğurla fəaliyyət göstərir. Uğur özündə heç də həmişə çempion titullarını və digər mükafatları ehtiva etmir, başlıcası odur ki, uşaqların necə futbol oynamağı bacarmalarını seyr edəsən. Biz bundan sonra da ölkənin qabiliyyətli uşaq və yeniyetmə futbolçularını tapmağa və onların istedadlarını inkişaf etdirməyə çalışacağıq. Azərbaycan futbolunun səviyyəsini xaricdə də göstərməyə çalışacağıq. Ötən il "İnter”in UGFM-i üç beynəlxalq turnirdə iştirak edib və bu tendensiya bu mövsümdə də davam etdiriləcək. Biz Rusiyaya, Almaniyaya və çox güman ki, Fransaya yollanacağıq. -Bundan başqa, "Şəfa” stadionunda tikinti işləri davam edir. Bilmək istərdik, arenanın yenidənqurma işləri necə gedir?
-Hazırkı mərhələdə bu mövzu mənim üçün əsas məsələlərdən biridir. İşlər kifayət qədər yaxşı templə gedir. Təxminən iki həftə öncə FİFA-nın nümayəndə heyəti stadiona baş çəkmişdi və mən söz verdim ki, iyul ayının sonunadək stadion tələb olunan səviyyədə olacaq. Dünya Çempionatının əvvəlinədək hər şeyin ən yüksək səviyyədə olmasına çalışacağıq. Həmçinin əsas meydançanın ot örtüyü də yüksək səviyyədə olmalıdır. İndiki qazon dünya çempionatının tələblərinə cavab vermir və bununla bağlı bizə müvafiq tövsiyələr verildi. Aydındır ki, meydançanın ot örtüyünü dəyişmək o qədər də asan məsələ deyil. Bilirsiniz, qış qazonun dəyişdirilməsi üçün əlverişli mövsüm deyil. Biz qazonu iyulun ortalarınadək dəyişdirməyi planlaşdırırıq və bütün işlər üçün təxminən ay yarım vaxt lazımdır. AFFA ilə razılığa gələ bilsək, o zaman Azərbaycan Çempionatı çərçivəsindəki son oyunları "Dalğa Arena” stadionunda keçirə bilərik. "Şəfa” stadionundasa həmin vaxt qazonun dəyildirilməsinə başlamaq olar. inter.az
|