-"Birlik Kuboku"nda qələbə qazanmaq şansınızı necə dəyərləndirirsiz? Komanda çempion olmasa, bunu necə qəbul edəcəksiz? Finala çıxmamaq sizin üçün uğursuzluq sayılacaqmı?
- Turnirdə iştirak edən 16 komandanın şansı qədər bizim də şansımız var. Məyus olacam, amma bunu faciə də hesab etməyəcəm.
- Uğursuzluq olacağı halda mətbuatın sizi ciddi və sərt tənqidlərə məruz qoyacağını bilirsizmi? Buna hazırsızmı?
- Mən peşəkar tənqidə həmişə normal münasibət göstərmişəm və belə tənqidləri dinləməyə hazıram.
- Belə şayiələr var ki, "İnter”in "Birlik Kuboku”na əsas heyətlə qatılması "yuxarılar”ın tapşırığıdı. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin korlanmaması üçün bu tapşırıq verilib. Yəni komandanız istəsə də, ora əvəzedici heyəti göndərə bilməz. Bunu necə şərh edərdiz?
- Bu turnirdə iştirak barədə heç bir tapşırıq almamışıq və bu turnir bizim üçün bir növ Çempionlar Liqasıdı. Xatırlatmaq istərdim ki, "Birlik Kuboku" beynəlxalq futbol təqvimində yer alır, FİFA və UEFA tərəfindən dəstəklənir.
- "Birlik Kuboku”nda iştirak edən bütün klublarımız turnirdən qayıdandan sonra çempionatda uğursuzluğa düçar olub. Turnirin komandanıza da mənfi təsir göstərəcəyindən çəkinmirsiz ki?
- Belə bir tendensiya var, amma ümid edirəm ki, bu dəfə mənfi təsir göstərməyəcək.
- "İnter” Premyer Liqada heç də yaxşı çıxış etmir. Komandanızın çempionluq şansını necə qiymətləndirirsiz? Görünən odu ki, bu mövsüm birinci yer uğrunda mübarizədən uzaq düşmüsüz. Qış fasiləsi zamanı ciddi addımlar atmağı, heyəti gücləndirməyi düşünmürsüz?
- Son tura qədər mübarizə aparacağıq. Biz mövsümün yarısında mübarizədən imtina etsəydik, o zaman "İnter” olmazdıq. Heyətlə bağlı məsələlər məşqçilər korpusunun səlahiyyətlərinə daxildi.
- Komandadakı legionerlərin çoxluğu səbəbindən "İnter”i çox vaxt "Azərbaycan futboluna dəxli olmayan komanda” adlandırırlar. Buna münasibətiniz necədi və ictimaiyyətin məsələyə belə yanaşma tərzi sizi narahat edirmi?
- Yox, narahat etmir və münasibətim normaldı. "Çelsi” və "Milan” kimi komandalarda da əcnəbilər az deyil. Amma heç kim həmin komandaların ölkə futboluna aidiyyatı olmadıqları barədə danışmır.
- "İnter”ə indiyə qədər yerli mütəxəssis başçılıq etməyib. Azərbaycanda sizin komandanın baş məşqçisi olmağa layiq məşqçi yoxdu?
- Əlbəttə, var, amma indiki mərhələdə "İnter”i əcnəbi məşqçilər çalışdırır.
-Belə şayiələr gəzir ki, Qyoko Hacievski "Simurq”a sonradan "İnter”in baş məşqçisi olmaq üçün gedib. Gələcəkdə Hacievskinin Tsxadadzeni əvəzləyəcəyi nə qədər realdı?
- Şayiələri şərh etmək düzgün olmazdı. Amma onu demək istəyirəm ki, Kaxaber Tsxadadze "İnter”in baş məşqçisidi.
- "İnter”in çempionluq yarışından kənarda qalacağı halda, Tsxadadzeylə yollar ayrılacaqmı?
- Tsxadadzeylə uzunmüddətli əməkdaşlıq münasibətlərimiz var və bu münasibətləri inkişaf etdirmək istəyirik.
Mənbə: fanat.az