"İnter”in prezidenti Georgi Nikolov azerisport.az-a müsahibəsində komandasının avrokubok şanslarından, ölkə kubokunda mübarizəni dayandırmasından danışıb və heç kimi komandada zorla saxlamayacağını etiraf edib.
- Kubokda mübarizəni dayandırandan sonra əhvalınız necədir? Çərşənbə günü keçirilmiş oyunu artıq unutmuşunuz?
- Heyətə Cümə axşamı xüsusi istirahət verdik ki, məğlubiyyət acısından bir qədər uzaq olsunlar. Əlbəttə, bu oyunun nəticəsindən narazıyıq. Hamı başa düşür ki, meydanda bizim görməyə adət etdiyimiz - aqressiv, məqsədyönlü, çalışqan "İnter” yox idi. Canfəşanlığa görə heç kimə iradım yoxdur, ancaq oyunun nəticəsi...
- "Xəzər-Lənkəran”ın 6 xalının bərpasından sonra sizin komandanız üçüncü pilləyə düşdü və avrokuboklarsız qala bilər. Belə perspektiv sizi qorxutmur?
- Futbolda heç nə qorxutmamalıdır. Bu, idmandır. Burada nəticə qazanmaq, həmçinin qazanmamaq olar. "Xəzər-Lənkəran”ın 6 xal cəriməsi və xalların bərpası özlüyündə mənə Latın Amerikası seriallarını xatırlatdı. Düşünürəm ki, bundan gözəl ssenari alınardı. Olsun, bu sadəcə Bazar günü keçiriləcək oyuna maraq qatır.
- Komandanızın ölkə kubokunun finalına çıxa bilməməsi əhvalınızı korladı?
- Əlbəttə. Ancaq mən buna fəlsəfi baxışla baxmağa çalışdım. Düşündüm ki, biz dörd dəfə Azərbaycan kubokunun finallarında oynamışıq və həmişə məğlub olmuşuq. Beşinci məğlubiyyəti istəməzdim, amma əminəm ki, ”Bakı”ya qarşı rahat oynaya bilərdik.
- Əgər "İnter” avrokuboklarsız qalsa, hər hansı qəti tədbirlər görəcəksiniz? Məşqçi dəyişikliyi haqda sual qoyacaqsınız?
- Kaxaber Tsxadadzeyə etibar edirəm. Biz onunla çempion olmuşuq, "Çempionlar liqası”nda oynamışıq. Bizim gələcək mövsüm üçün qeydlərimiz artıq var. Tsxadadzeni vəzifəsindən azad etmək planım yoxdu. Ancaq əgər Kaxaber özü "İnter”də qalmaq istəməsə onu dayandırmayacağam. Bu, mənim qaydalarımda deyil. Ancaq bilirəm, siz onun istefasını istərdiz, axı onu çox da sevmirsiz (gülür).
- Yox, sadəcə komanda ardıcıl ikinci dəfə avrokuboklara düşə bilmirsə və bu komanda həmişə avrokuboklarda oynamağı qarşısına məqsəd qoyan "İnter”dirsə, onda bu, müəyyən düşüncəyə sövq edir.
- Hər halda güclənmək lazımdı. Biz çox az qol vururuq və bu, hamını narahat edir. 29 oyunda 28 qol heç nəyə yaramır. Bizə oyunçu almaq lazımdır. Belə heyətlə avrokuboklarda hç nə edə bilmərik. Məsələ indiki oyunçuların səviyyəsində yox, onların yorğunluğundadır. Digər tərəfdən, rəqabət hələ heç kimə mane olmayıb. Bax, həmin Mourinyo da "Real”ı heç cür "Çempiolıar liqası”nın finalına çıxara bilmir. Onu qovmurlar ki...
- Tsxadadze-yə bir illik müqavilə təklif etməyə hazırlaşırsınız?
- "İnter”in bütün əməkdaşları bir illik müqavilə imzalayır. Bizdə belə adətdir.
Mənbə:Azerisport.az