"İnter”in preizdenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumundan, yeni mövsümlə bağlı hədəflərdən, Dmitri Bulıkinin transferindən, eləcə də 2-ci turun "Qarabağ”la səfər oyunundan danışıb.
- "İnter”i bu tur "Qarabağ”la çətin səfər oyunu gözləyir…
- Çox çətin oyun olacaq. "Qarabağ” bizim üçün həmişə möhkəm qoz olub. Son illərdə Ağdam klubuna qarşı elə də uğurlu oynamırıq. Üstəlik bu dəfəki oyun da Quzanlıda keçiriləcək. Amma bu, bizim məqsədimizdə heç bir dəyişikliyə səbəb ola bilməz. Yalnız qələbə üçün oynayacağıq. Güclünün kimliyini isə 90 dəqiqənin tamamı göstərəcək.
- Quzanlıya səfər futbolçularınızın yorğunluğuna səbəb olmayacaq?
- Ora gedilən yol "İnter” kimi, "Qarabağ” üçün də eynidi. Məni bu yox, Quzanlıdakı meydançanın hazırkı durumu daha çox narahat edir. Çox istərdim ki, qazonun vəziyyəti yaxşı olsun. Bir də sizin vasitənizlə Quzanlıdakı azarkeşlərə müraciət etmək istərdim. Qoy onlar obyektiv olsunlar. Adətən Quzanlıya səfərlərimiz zamanı bizlə orda çox pis davranırlar. Komandanın ünvanına xoşagəlməz sözlər eşidirik. Amma başa düşmək lazımdı ki, "İnter” də Azərbaycan klubudu. Biz hamımız bir ölkənin çempionatında çıxış edirik.
- "Turan”la ilk oyununuz necə dəyərləndirərdiz?
- Tovuzlulara qarşı oyunumuz xoşuma gəldi. Kaxaber Tsxadadze meydana eksperimental heyət çıxarsa da, komanda yaxşı oynadı. "Turan”ı minimal hesabla məğlub etsək də, qol vurmaq üçün baqa şanslarımız da oldu. Dirəyə dəyən toplarımız da oldu, qapıçıları da bir neçə qurtarış etdi. Fikrimcə, mövsümün ilk oyunu üçün çox yaxşı təsir bağışladıq və layiqli qələbə qazandıq.
- Avropa Liqasının ardından Azərbaycan millisinin heyətində Makedoniyaya qarşı da forma geyən "Qarabağ” futbolçularının yorğunluğu "İnter”in işinə yaraya bilər?
- Bu amil elə də ciddi rol oynamır. "Qarabağ”ın futbolçuları həmişə axıra kimi oynayırlar. Onlar hər oyunda qələbə üçün sona kimi mübarizəni davam etdirirlər. Ağdamlılar bizimlə oyunda bütün güclərini meydanda qoymağa çalışacaqlar.
- "İnter”in rusiyalı hücumçu Dmitri Bulıkini transfer etməyə hazırlaşdığı iddia olunur...
- Xeyr, "İnter” artıq transfer çalışmalarına yekun vurub. Hazırda biz heç kimlə danışıq aparmırıq. Bulıkinlə maraqlanmağımız haqda xəbərləri də mətbuatdan öyrəndim. Amma "İnter” onunla danışıq aparmayıb. Bütün transferlərimiz baş məşqçiylə razılaşdırılıb, həyata keçirilib. Bu hücumçu haqda isə bizim heç bir söhbətimiz olmayıb.
- "İnter” bu mövsüm transfer bazarında elə də fəal deyil. Bu, hədəflərinizin aşağı olacağına işarə deyil ki?
- Biz komandanın özəyini saxlamışıq. "İnter” aparıcı futbolçularını saxlayıb və daha da gücləndirib. Hədəflərimiz də dəyişməyib. Bütün cəbhələrdə qələbə qazanmağa çalışacağıq. Komandanın qarşısına ən yüksək hədəflər qoyulub. Rəqabət artsa da, çempion olmaq istəyirik. "Qəbələ” və "Bakı” da güclənib. "Xəzər Lənkəran” da hər şeyə rəğmən sona kimi vuruşacaq.