"Bakı" ilə qalmaqallı oyunun son saniyələrində penaltiyə səbəb olan, daha sonra idmançıya yaraşmayan hərəkətləriylə yadda qalan Georgi Lomaya dünən, komandasının "Sumqayıt"la oyununda tribunadaydı. Zəif rəqibi üzərində qələbə qazanan "İnter"in gürcü qolkiperinə final fiti səslənən kimi yalnız bir məqsədlə yaxınlaşdıq. Ondan qarışıqlıq zamanı baş hakimə cinsi orqanını göstərməsi, buna bütün Azərbaycanın efir vasitəsilə şahidlik etməsinə münasibətini öyrənmək, ondan bu hərəkətinə görə üzr istəyib-istəməyəcəyini öyrənmək idi. Qısa müsahibə verən Lomaya xalqa hörmətsizlik etmək fikrində olmadığını deyərək, diqqəti qərəzli hakimliyə yönəltdi:
- Cinsi orqanını baş hakimə göstərməyin xalqın narazılığına səbəb olub...
- Oyunun son saniyələrində hamımız hirsliydik. Çünki hakimlər briqadası bütün matçboyu bizə qarşı qərəzli mövqe nümayiş etdirdi. Sonuncu dəqiqədəki penalti isə yox idi. Mən sadəcə, topa çıxırdım. Hakim isə bundan istifadə edib penalti verdi. Həmin məqamda bütün komanda əsl şok yaşadı. Dediyiniz hərəkətin xalqla nə əlaqəsi var, başa düşmürəm?
- Biz Qafqaz xalqıyıq və belə hərəkət qəbuledilməzdi...
- Axı mən bunu xalqa etməmişdim. Etməzdim də. Azərbaycana və onun xalqına hörmətim var. Bu ölkənin futbolu üçün müəyyən xidmətlərimin olduğunu da hesab edirəm. Mən bu ölkədə futbol oynayır, çörəyimi qazanıram. Heç vaxt da belə hörmətsizlik etmərəm.
- Yəni üzr istəmək fikrin yoxdu?
- Kimə göstərmişəmsə, ondan da üzr istəyirəm. Başa düşün, axı mən bu hərəkəti xalqa etməmişəm.
- İnsanlar efirdən bunu canlı gördülər...
- Onlar heç nə görməyiblər. Daha doğrusu, hər şeyi görməyiblər. Mən xalqı təhqir etməmişəm. Belə bir fikrim də olmayıb, çünki bunu xalqa etmirdim. Əslində xalqa başqa həqiqətləri çatdırmaq lazımdı: meydanda oyunu idarə edən hakimlər, futbolçular matç ərzində necə ağır söyüşlər söyürlər. Referilər də oyunçuları təhqir edir, bunu hamınız bilin. Bunları yazmaq lazımdı. Söyüş üzərinə hələ bir ədavətli oyun da idarə edirlər, biz də hirslənirik. Bunu təbii qarşılaşamaq lazımdı.
- "İnter" meydandan çıxmaqla düz addım atıb?
- Hər şey hakimlərə görədi. Onlar oyunboyu bizi sıxdılar, qərəzli oldular. Səbəb də budu. Yoxsa niyə belə edəydik ki?..
Mənbə: rekord.az