"İnter”in yeni transferi Georgi Adamiya müsahibəsində Türkiyə toplanışından danışıb, avrokuboklardakı şanslarına toxunub və transferlərlə bağlı fikirlərini açıqlayıb.
- Türkiyə toplanışı necə keçdi?
- Bu, ilk hazırlıq prosesi idi. Bərpa olunmağa və fiziki cəhətdən "işləməyə” ehtiyac var idi. Bir yoxlama oyunu da keçirdik. Hansı ki, həmin oyunda 16:1 hesabı ilə qələbə qazandıq. Mən də həmin oyunda üç qol vurdum. Bu gecə isə Sloveniyaya yola düşəcəyik. Hazırlığımızın əsas hissəsi də məhz burda keçəcək.
- 16:1 hesablı qələbə nədən xəbər verir?
- Rəqibimiz zəif idi. Heç komandanın necə adlandığını da xatırlamıram. Bu, məşq xarakterli bir oyun idi. Əsas yoxlama oyunlarımız Sloveniyada baş tutacaq. Avropa Liqasına məhz bu təlim-məşq toplanışında hazırlaşacağıq. Yavaş-yavaş sürət yığırıq.
- Yeni komandanıza uyğunlaşmaqla bağlı problem yoxdu ki?
- İndi sadəcə yeni oyun üslubuna alışmaq qalır. Axı "İnter”in oyun üslubu sonuncu komandamın – "Qarabağ”ın stilindən fərqlənir. Amma fikrimcə, yeni üsluba alışmaq da çətin olmayacaq.
- Avropa Liqasındakı potensial rəqiblərinizlə maraqlanırsız?
- Maraqlanmıram. Heç bilmirəm hansı komandalara qarşı oynaya bilərik. Amma çox istərdim ki, ilk rəqibimiz zəif olsun. Bir məqam da var ki, komanda kimi yaxşı formada olsaq, rəqibin kimliyi o qədər də ciddi əhəmiyyət kəsb etməyəcək. Necə olacağını isə bilmirəm. Mümkün qədər çox irəliləmək istəyirik.
- Deyilənə görə, sizin "Xəzər Lənkəran”a da keçmək şansınız var imiş...
- Belə bir şans hələ "Neftçi”də oynadığım vaxt var idi. "Xəzər Lənkəran” mənimlə müqavilə bağlamaq istəyirdi. Onlar mənə çoxlu pul təklif edirdilər. Məsələn, "Neftçi” mənə həmin pulu vermirdi. Amma mən Lənkəran variantını seçə bilmirdim. Çünki "Neftçi”də iki uğurlu mövsüm keçirmişdim. Çempionatda qələbə qazanmışdıq, "Birlik Kuboku”nda birinci olmuşduq. Başa düşürdüm ki, komandanın əsas rəqibinin düşərgəsinə keçmək yaxşı olmaz.
- Ruslan Abışova işarə vurursuz?
- Qətiyyən. Hər bir oyunçunun qərarına hörmətlə yanaşmaq lazımdı. Əminəm ki, Ruslan "Xəzər Lənkəran”da yaxşı oynayacaq. O, peşəkardı və uğur qazana bilər.
- Hesab etmirsiz ki, hazırda azərbaycanlı futbolçuların qiymətləri çox şişirdilməkdədi?
- Bu barədə heç nə deyə bilmərəm. Əgər yaxşı pul ödəmək istəyirlərsə, bu, yaxşıdı. Hər bir futbolçu qazandığına layiqdi. Amma həmin pulu almaqla kifayətlənmək olmaz. Həmin pulun qarşılığında da oynamaq lazımdı.
Mənbə: Azerisport.az
|