"İnter” PİK-in prezidenti Georgi Nikolov AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarlar barədə fikirlərini bizimlə bölüşdü: -"Mən oyunun mübahisəli epizodlarıyla tanış olmuşam və demək istəyirəm ki, bu anların böyük əksəriyyətinə iddiamız var. Bizdə hakimlər briqadasının işilə bağlı ciddi suallarımız yaranıb və mən İntizam Komitəsinin qərarlarıyla razı deyiləm. Axı qeyd olunur ki, hakimliklə bağlı ölçü götürülməlidir, ancaq eyni zamanda hakimin qərarları qüvvədə saxlanılır. Düşünürəm ki, İntizam Komitəsi kimin haqlı, kimin haqsız olması planında konkret qərar qəbul etməlidir. Səmimi deyim ki, belə qərardan çox məyus olmuşam. İnanırdım ki, gec-tez klubun xeyrinə qərar qəbul olunacaq, təəssüf, bu, baş vermədi. Mən Hakimlər və İntizam Komitəsinin hakimlərini müdafiə etmək arzularını anlayıram, lakin yadda saxlamaq lazımdır ki, futbol federasiyası daha çox klublar üçün mövcuddur. Axı əgər bu klublar olmasa, federasiyanın özü də, futbol da olmayacaq. Əlavə edim ki, mən təkcə "İnter”ə olan ədalətsizliyi nəzərdə tutmuram, belə ədalətsizliklə hər turda bir çox komanda qarşılaşır. Məsələn, elə həmin "Xəzər-Lənkəran”ı göstərmək olar. Əlavə edim ki, hazırda hakimlik barədə "Neftçi” də və digər komandalar da şikayət edir. Bir sözlə, bu məsələdə bizim obyektivliyə ehtiyacımız var. Mən gənc hakimin təcrübəsizlikdən səhvə yol verməsini anlayıram, ancaq daxili və xarici oyunlarda böyük təcrübəsi olan FİFA referesi sadəcə belə səhvlərə yol verə bilməz”.
|