"İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində AZAL ilə Azərbaycan kubokunun cavab oyunu ərəfəsindəki şanslarını dəyərlənsirib. - AZAL ilə oyunu bu mövsüm üçün sizin çıxacağınız ən vacib oyun hesab etmək olarmı? - Bəli, elədi ki, var. Şübhəsiz, çox vacib oyundu və bunu gizlətməyə dəyməz. Elə buna görə də mümkün qədər yaxşı köklənməyə çalışırıq. - Bu mövsüm yenə bilmədiyiniz AZAL-ı necə keçməyi düşünürsüz? - Bunu artıq məşqçilərimiz həll etməlidi. Bu haqda bizimlə danışırlar. Qol vurmağımız vacibdi. Özü də nə qədər çox qol vursaq, bir o qədər yaxşıdı. Bu komandayla oyunlardakı heç-heçələrdən, məğlubiyyətlərdən artıq bezmişik. Bu dəfə həm də qol buraxmamağa çalışmalıyıq. - Ev oyunundakı qolsuz heç-heçəyə rəğmən sizin finala çıxmaq şanslarınız çoxdu... - Mən bu fikirlə razı deyiləm. Onların şansları niyə azdı ki? Onlar hətta Premyer Liqanın da turnir cədvəlində bizi qabaqlayırlar. Buna görə də "İnter” onları öz meydanında məğlub edə bilmədi. Ona görə də istənilən halda şanslar bərabərdi.
- Belə oyun ərəfəsində sizin qələbə üzünə həsrət qalmağınız narahatlıq yaratmır ki? - Əlbəttə, yaradır. Bu, komandanın da oyununa mənfi təsir göstərir. "Xəzər Lənkəran”la son oyunda çoxlu qol vəziyyətləri yaratdıq. Amma cəmi bir qol vura bildik və lazımsız qol buraxaraq, yenə qələbə qazana bilmədik. "Neftçi” də son dəqiqələrdə məğlubiyyətdən qaçmışdı. - AZAL ilə oyunda isə sizə qələbə qazanmaq elə də vacib deyil... - İstənilən halda finala vəsiqəni qələbə ilə qazanmaq istərdik. Qollu heç-heçəyə ümid etmək bizim üçün çox pis nəticələnə bilər. Çünki AZAL istənilən an qol vura, qələbə qazana bilər. - "Xəzər Lənkəran”la oyunda siz meydana sadəcə ikinci hissənin ortalarında daxil oldunuz ki, buna da təsadüfi hallarda rast gəlmək olar. Bu, nə ilə bağlı idi? - Komandada kifayət qədər oyunçu var. Baş məşqçi hesab edirdi ki, mən istirahət etməliyəm. Son dövrlər mən heç bir oyunu buraxmırdıım. Buna görə də istirahət mənə mane olmazdı. Həm də "İnter”in 3 dayaq yarımmüdafiəçisi var.
azerisport.az
|