Bakının "İnter” klubunun futbolçusu Filip Despotovski Makedoniya mətbuatına müsahibə verib. Makedoniyalı dayaq yarımmüdafiəçisi yayda keçdiyi komanda haqda fikirlərini açıqlayıb.
- Bakının "İnter” klubunda sizi necə qarşıladılar? - Futbol elə şeydir ki, qısa müddətdə uyğunlaşma tələb edir. Bu da, mənim üçün o qədər çətin olmadı.
- Əvvəl çıxış etdiyiniz Ukrayna təmsilçisi "Vorskla”dan niyə ayrıldınız? Baş məşqçi ilə hansı probleminiz var idi ki, əsas heyət üzvü olduğunuz halda, birdən-birə ehtiyat oyunçular skamyasının sakininə çevrildiniz? - Mən əsas heyətdəki yerimi itirməklə barışmadım. Bu səbəbdən də müqaviləmi uzatmamağı lazım bildim.
- Uzun müddət klubsuz qaldınız. Bu sizin yüksək əmək haqqı tələb etməyinizlə bağlı idi, yoxsa heç kimin maraq dairəsində olmamağınızla? - Mən daha yaxşı təklif gözləyirdim.
- "İnter” sizin üçün nədir: boş qaldığınız vaxtı keçirmək üçün yer, yoxsa karyeranızda inkişafa nail olmaq üçün bir klub? - Bu klub yalnız 2004-cü ildə yaranıb. Lakin artıq 2 dəfə Azərbaycan çempionu olub. Əlbəttə ki, bu kluba karyeramda irəliləyişə nail olmaq gözü ilə baxıram.
- Bəs sonra karyeranızı harada davam etdirmək istəyirsiniz? - Bakıda xoşbəxtəm. Ən əsası da elə budur. Növbəti klubumun harada olacağını isə bilmirəm.
- Makedoniya ilə müqayisədə Azərbaycandakı şərait necədir? - Azərbaycan elə bir ölkədir ki, hazırda inkişaf etməkdədir. Şübhəsiz ki, oradakı şərtlər də daha yaxşıdır. Bunun nəticəsidir ki, onların klubları avrokuboklarda irəliləyişə nail olur.
- Karyeranızda çox klub olub. Onların hansında daha xoşbəxt olmusunuz? - Mən hələ xoşbəxtliyimi indi qurmağa başlamışam. Harada olmağımın isə əhəmiyyəti yoxdur.
- Uğurlarınızda ailənizin dəstəyi nə dərəcədə rol oynayır? - Elə ən böyük dəstəyimi ailəmdən alıram. Həyat yoldaşım Maya və oğlum Maksim hər yerdə mənimlədir. Onlar mənim əsas ilham mənbəyimdir.mənbə interfan.az
|