"İnter” klubunun slovakiyalı futbolçusu Peter Krappan www.pfl.az saytına müsahibə vermişdir. Slovakiyalı müdafiəçi "İnter” fanatlarını komandalarını dəstəkləməyə çağırdı. Unibank
Premyer Liqasının yeni mövsümünə iddialı hazırlaşan Bakının "İnter"
klubu mövsümlərarası fasilədə heyətinə yeni oyunçular da cəlb
edir. Paytaxt klubunun son transferlərindən biri
Avstriyanın "Mattersburq” klubunun müdafiəçisi slovakiyalı Peter Krappan
oldu. 26 yaşlı futbolçu 2006-ci ildən legioner həyatı yaşayır.
2006-2009-cu illərdə Avstriyanın "Ştadlau”, 2009-2011-ci illərdə isə
"Mattersburq” klublarının formasını geyinib. Karyerasının yüksəliş
dönəmi "Mattersburq”un heyətində çıxış etdiyi illərə təsadüf edən
slovakiyalı, bu klubun forması ilə 56 dəfə meydana çıxıb, 1 qol vurub,
18 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıb. Peter Krappanı sizlərə daha yaxından tanıtmaq və onun fikirlərini öyrənmək üçün futbolçu ilə söhbətləşmək qərarına gəldik. -
"İnter”lə müqavilə bağlamamışdan öncə Azərbaycan klubları,
futbolçuları, ümumiyyətlə Azərbaycan futbolu haqqında hər hansı
məlumatın var idimi? -
Bizim ölkələrimiz Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində
dəfələrlə qarşılaşıblar. Həmçinin Çempionlar Liqasının və Avroliqanın
təsnifat mərhələlərində də bir neçə dəfə klublarımız bir-biri ilə
mübarizə aparıblar. Mən bütün bu oyunları izləyirdim və Azərbaycan
futbolu haqqında kifayət qədər məlumatlı olduğunu hesab edirəm. Mənim
Azərbaycan klublarının şərəfini qoruyan bir neçə dostlarım olub. Onlarla
danışanda da Azərbaycan futbolundan söhbət edirdik. -
Peter, sən Avstriyada məşhur klubların şərəfini qorumusan. "İnter” isə
sənin üçün yeni, fərqli klubdur. Bu komanda haqqında düşüncələrin nədir? - "İnter”
mənim daha öncə çıxış etdiyim klublara nisbətən çox gənc komanda olsa
da, burada futbolçular üçün hər bir şərait yaradılıb. Bir neçə ilə çox
böyük irəliləyiş əldə edə biliblər. "İnter” peşəkar klubdur. Mən bu
komanda ilə müqavilə bağlayarkən bütün bu amilləri nəzərə almışam.
"İnter”in çox səviyyəli, texnikalı, güclü futbolçuları var. Klubun çox
peşəkar məşqçilər heyəti var və ümid edirəm ki, komanda bu il qarşısına
qoyduğu məqsədlərə çatacaq. - "İnter” Azərbaycanın iddialı klublarındandır. "İnter”də qarşınızda duran ilk məqsəd nədir? -
İlk öncə ölkə çempionatında uğurlu nəticə əldə edib Avroliqada və ya
Çempionlar Liqasında çıxış etmək hüququ qazanmalıyıq. İnanıram ki,
klubumla birlikdə uğurlu bir müvsüm keçirəcəyik.
- "İnter”lə bir illik müqavilə bağlamısan. Gələcəkdə bu müqavilənin uzadılması mümkündürmü? - Gələcəkdə müqavilənin müddətinin uzadılması komandada keçirəcəyim mövsümdən asılıdır. Uğurlu bir mövsüm keçirsək və klub müqavilənin müddətini uzatmağı təklif etsə, yəqin ki, bir müddət daha "İnter”in şərəfini qoruyaram. - "İnter”in çempionluq şanslarını necə dəyərləndirirsən? -
"İnter” çempionluğa oynayan komandadır. Bildiyimə görə, bundan öncəki
mövsümlərdə də bu komanda çempionluğa ən real namizədlərdən olub. Bizim
hazırda güclü heyətimiz var. Uğurlu nəticə əldə etmək üçün əlimizdən
gələni edəcəyik. - "İnter”in fanatlarına və Azərbaycan futbolsevərlərinə nə demək istərdin? -
Azərbaycanda futbol inkişaf etməkdədir. Futbol oynamaq üçün ölkənizdə
hər bir şərait var. İnanıram ki, ölkəniz beynəlxalq arenada da uğurlar
qazanacaq. "İner”in fanatlarına isə demək istərdim ki, həmişə
komandalarını dəstəkləsinlər.
|