İyunun 23-dən Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in bir sıra aparıcı futbolçularla yolları ayırdığından xəbərdarsız. Son olaraq paytaxt təmsilçisi Dmitri Kruqlovun da xidmətində maraqlı olmadığını rəsmən bəyan etdi. Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında çıxış edə bilən Dmitri hazırda vətənindədi. Legionerlə əlaqə saxlayıb "bankirlər"lə izdivacına son qoymasının səbəblərini öyrəndik. - "İnter"i niyə tərk etdin? - Maraqlı sualdı. Niyəsini rəhbərlikdən soruşmaq lazımdı. Mənə heç kim heç nə deməyib. Düzdü, millinin oyunlarından öncə zəng vurmuşdular. Amma sonradan danışıqlara dəvət edən olmadı. - "Bankirlər" bir sıra aparıcı futbolçularla para məsələsində razılaşa bilmədiyinə görə vidalaşıb. Sənin də şərtlərin rəhbərliyi qane etmədi? - Söylədiyim kimi, komandadan uzaqlaşdırılmağımın səbəbini bilmirəm. Yalnız internet vasitəsiylə oxuduqlarıma əsasən "İnter"in xidmətimdə maraqlı olmamasından məlumatım var. - Müqavilənin müddəti başa çatmışdı? - Başa çatmışdı deyəndə ki... Demək olar, hə. Çünki həmin müddətin bitməsinə 5 gün qalıb. - Bakıya gəlməyəcəksən? - İstənilən halda, rəhbərliklə görüşüb məsələni nöqtələməliyik. Doğrudu, klub prezidenti Georgi Nikolov və ya direktor Müzəffər Novruzəliyevlə məsələni nə vaxt və necə müzakirə edəcəyimiz haqda heç nə planlaşdırılmayıb. - Axı Azərbaycan mətbuatına verdiyin açıqlamada paytaxt təmsilçisini könüllü şəkildə tərk etdiyini və başqa komandadan təklif aldığını demisən. - Nə? Ola bilməz. Mənə Azərbaycandan sizdən başqa heç bir jurnalist zəng vurmayıb. Hamı çox şey yaza bilər. Reallıq budu ki, mən heç kimlə danışmamışam. Şübhəsiz, futbolçu bir komandayla vidalaşıb, digəriylə danışıq aparmaq hüququna sahibdi. Anlaşmanın müddəti başa çatıbsa, burda qeyri-adi heç nə yoxdu. Bir daha deyirəm, "İnter"i öz istəyimlə tərk etməmişəm. - Artıq "ağ-göylər" Spartada təlim-məşq toplanışındadı. Komanda yoldaşlarınla əlaqə saxlamısan? - Uşaqlarla hal-əhval tutmuşuq. Onların dediyinə görə, komandaya lazım deyiləm. Burda qaranlıq heç nə yoxdu. - Başqa Azərbaycan klublarından təklif almısan? - Yox. Olsa, deyərdim. - Deməli, karyeranı ölkəmizdə davam etdirməkdə maraqlısan. - Niyə də yox?! Hər şey danışıqlardan asılıdı
. mənbə "Futbol+”
|