Son mövsümü demək olar ki, boşa verən, nə kubokda, nə çempionatda uğur qazana bilən "İnter”in müdafiəçisi Dmitri Kruqlovun müsahibəsi. - Yəqin ki, "İnter”in tarixində 4-cü dəfə kubokun finalında məğlub olması sizin də əhvalınızı korlayıb... - Əlbəttə ki, bu, belədi. Məğlubiyyət həmişə üzücüdü. Biz çox istəyirdik ki, qələbə qazanaq. Çünki belə olan halda biz kubokla yanaşı həm də avrokuboklara vəsiqə qazanmış olacaqdıq. Amma alınmadı. Təəssüf ki, uğur bizdən üz döndərdi. - Oyunun özü ilə bağlı nə deyə bilərsiz? - Hər iki komanda bərabər səviyyəli bir oyun sərgilədi. İlk əlavə vaxtın startındaca qol buraxsaq da, tezliklə buna cavab verə bildik. Oyunun taleyini isə lotereya həll etdi. - Ola bilər ki, sizin belə çıxışınıza məhz qışda çıxış etdiyiniz "Birlik Kuboku” təsir göstərsin? Axı bir qayda olaraq həmişə bu turniri qazanan klublarımız eyni aqibəti yaşayırlar... - Qrafik onsuz da bütün klublar üçün ağır idi. Ola bilsin ki, bu, kimlərinsə oyununa çox, kimlərinsə çıxışına az təsir göstərdi. Lakin bu, heç bir məna kəsb etmir. Mən deməzdim ki, uğursuzluğumuzda əsas səbəb məhz budu. - Bütövlükdə mövsümü necə qiymətləndirirsiz? - Burda nəyi qiymətləndirmək olar ki? Əlbəttə ki, nəticə ürəkaçan deyil. Düzdü, "Birlik Kuboku”nu qazandıq. Amma milli çempionatda mükafatsız qaldıq, kuboku əldən verdik, avrokuboklara vəsiqə qazana bilmədik. - Bəs öz oyununuzdan nə dərəcədə razısız? - Digər komanda yoldaşlarım kimi mən də öz oyunumdan razı qala bilmərəm. Əgər nəticə yoxdusa, heç kim öz oyununu tərifləyə bilməz. Əsas nəticədi. - Sizcə, komandanın uğursuzluğunda məhz hücum xəttindəki dişsizlik əsas rol oynamadı ki?
- Bilirsiz ki, mən kimisə qiymətləndirməyi xoşlamıram. Bu, mənim tərəfimdən heç də düzgün addım olmazdı. Axı mən də bu komandanın oyunçusuyam. mənbə azerisport.az
|