«Hesab edirəm ki, hər bir məşqçiyə vaxt vermək lazımdır. Qısa müddət ərzində heç bir məşqçi lazımi nəticəni verə bilməz. Bunun üçün zamana ehtiyac var. Gənc və istedadlı futbolçu nəsli yetişdirilməlidir və fikrimcə, Berti Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusu bu istiqamətdə zəruri işləri həyata keçirir”.
Bu sözləri AFFA İcraiyə Komitəsinin üzvü, «İnter» klubunun sahibi Cahangir Hacıyev bildirib.
«Şəfa» stadionunu almaqları ilə bağlı danışarkən Hacıyev deyib ki, bir neçə il öncə ölkəmizdə yaxşı səviyyədə stadiona rast gəlmək mümkün deyildi. «Sevindirici haldır ki, son vaxtlar əksər klublarımızın stadionları inşa olunaraq istifadəyə verilib. «Şəfa» stadionunun «İnter» klubuna satılması ilə bağlı bu gün qəbul olunan qərarı düzgün sayıram. İndiyə qədər həmin stadiona klub tərəfindən xeyli sərmayə qoyulub və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyinə, «Şəfa»nın daha gözəl stadiona çevriləcəyinə inanıram» - deyə o qeyd edib. Qeyd edək ki AFFA İcraiyyə Komitəsi "Şəfa" stadionunun "İnter"ə satılması ilə bağlı müraciətə baxıb.Komitə üzvləri bu gün keçirilən iclasda bu məsələni müzakirə edib. Qəbul olunan qərar isə gözlənildiyi kimi "İnter"in xeyirinə olub. Belə ki, İcraiyyə Komitəsi "İnter" PİK-in "Şəfa" stadionunu satın alması ilə bağlı müraciətinin müsbət cavablandırılaraq, bununla bağlı müvafiq sənədlərin hazırlanması barədə baş katib Elxan Məmmədova tapşırıq verib.
|