Azərbaycan milli komandasının kapitanı və "Qarabağ"ın lideri Rəşad Sadıqov Unibank Premyer Liqasının XII-cü turunda qarşılaşacaqları "İnter" komandası barədə fikirlərini açıqlayıb.Təcrübəli müdafiəçi premyerliqa.az saytına müsahibəsində azarkeşlərə oyunun baxımlı alınacağını deyib: "İnter"lə oyuna tam gücümüzlə hazırlaşa bilməmişik. Çünki bir sıra futbolçularımız, U-21 və əsas millimizin heyətində təlim-məşq toplanışında olublar. Bu gündən etibarən komanda tam heyətlə məşqlərə başlayıb.
"İnter”lə oyun çox vacib bir matç olacaq. Ona görə də bu qarşılaşmaya ciddi yanaşmaq lazımdır. Rəqibimiz çempionatda simpatiya bəslədiyim klublardandır. Geniş heyətə malik olmasa da yerli və gənclərdən təşkil olunub. Kaxaber Tsxadadze yaxşı komanda yaradıb ki, bunun da nəticəsində yetirmələri baxımlı oyun göstərirlər. Çempionatda tək-tük komandalardan biridir ki, bu komanda ilə nə oynamaq istədiyini başa düşürsən.
Bu komandanın öz dəsti-xətti və oyun üslubu var. "İnter" topsuz pressinq tətbiq edir. Topla olanda isə cinahlardan çox istifadə edir. Sürətli futbol oynamağa çalışırlar. Rəqibimiz maraqlı komandadı. Belə düşünürəm ki, iki maraqlı klubun oyunu olacaq. İstəyərdim ki, azarkeşlər bu oyundan zövq alsınlar və baxımlı oyuna şahidlik etsinlər".
|