İnter"in baş məşqçisi Kaxaber Tsxadadze "Xəzər-Lənkəran"a qarşı keçiriləcək oyun barədə fikirlərini bizimlə bölüşdü: -"Bizi çox maraqlı və eyni zamanda gərgin oyun gözləyir. Son görüşlərdə rəqib komanda xal itkilərinə mərus qalıb və buna görə də onlar bizimlə qarşılaşmaya ancaq qələbə əzmilə çıxacaqlar. Biz oyuna yüksək səviyyədə hazırlaşırıq. Ümid edirəm ki, Lənkəranda da məğlubiyyətsizlik seriyamız davam edəcək. Bundan başqa, "Turan"la keçirilən oyundan sonra bəzi internet saytları reallığı əks etdirməyən məlumat yayıblar. Həmin saytlar iddia ediblər ki, guya mən Tovuz klubunun prezidentinə hansısa sözləri demişəm. Bildirmək istərdim ki, belə bir söhbət olmayıb və mən həmin matçda, ümumiyyətlə, "Turan” klubunun prezidentini görməmişəm. Vəziyyəti gərginləşdirmək və olmayanları uydurmaq lazım deyil”.
|