Premyer Liqada uğursuz çıxış edən "İnter"də baş məşqçi dəyişikliyi qətiləşib. Artıq klub rəhbərliyi yeni çalışdırıcının axtarışına başlayıb.Artıq Kaxaber Tsxadadzeni əvəzləyəcək mütəxəssisin kimliyinə böyük ölçüdə aydınlıq gəlib. Kluba yaxın mənbənin verdiyi məlumata görə, yeni baş məşqçi ukraynalı Oleq Kuznetsov ola bilər. "İnter" rəhbərliyi ilə ukraynalı mütəxəssis arasında aparılan danışıqlar yekunlaşmaq üzrədi. Böyük ehtimalla Kuznetsov qışda bank klubunun baş məşqçisi təyin olunacaq. Qeyd edək ki, Oleq Vladimiroviç Kuznetsov 22 mart 1963-cü ildə Şərqi Almaniyanın Maqdeburq şəhərində dünyaya gəlib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Kuznetsov futbolçu karyerası ərzində "Desna" (Ukrayna, 1981-1982, 14 oyun), "Dinamo" (Kiyev, 1983-1990, 181 oyun, 5 qol), "Reyncers" (Şotlandiya, 1990-1994, 35 oyun, 1 qol), "Makkabi" (İsrail, 1994-1995, 6 oyun) və Kiyevin ÇSKA (İndiki "Arsenal"//1995-1997, 11 oyun, 1 qol) klublarında forma geyinib. 1986-1991-ci illərdə SSRİ (58 oyun, 1 qol), 1992-ci ildə MDB (5 oyun) yığmalarında forma geyinən Kuznetsov 1992-1994-cü illərdə Ukrayna millisində 3 oyun keçirib. Məşqi karyerasına 1998-ci ildə indi "Arsenal" adlanan Kiyev ÇSKA-sında köməkçi-məşqçi kimi başlayan Kuznetsov 2001-də komandanın baş məşqçisi təyin olunub. Bir il bu komandaya rəhbərlik etdikdən sonra - 2002-ci ildə Kiyev "Dinamo"sunda köməkçi-məşqçi işləməyə başlayıb. 2002-2007-ci illərdə Ukrayna yığmasında, 2008-ci ildə isə "Moskva" klubunda köməkçi-məşqçi işləyib.
Futbolçu karyerası ərzində 3 dəfə SSRİ, 3 dəfə Şotlandiya çempionu olub, 3 dəfə SSRİ kubokunu, 1 dəfə Şotlandiya kubokunu qazanıb. 1986-cı ildə Kuboklar Kubokunu başı üzərinə qaldırıb, bir il sonra Çempionlar Kubokunun yarımfinalında oynayıb. 1988-ci ildə Avropa çempionatının gümüş medalını qazanıb. 1986 və 1990-cı illərdə Dünya çempionatında, 1992-ci ildə Avropa çempionatında iştirak edib. Məşqçi kimi 2006-cı ildə Ukrayna yığması ilə Almaniyada keçirilən Dünya çempionatına qatılıb.
Mənbə www.fanat.az
|