"Neftçi”nin heyətində vurduğu qollarla Premyer Liqanın ən məhsuldar hücumçusu olan Bahodir Nasimovun adı "İnter” klubunun heyətində peyda olub. Apasport.az saytının məlumatına görə, "Birlik Kuboku” turniri üçün "bankirlər” haqda təqdimat hazırlayan Tacikistan mətbuatı özbəkistanlı futbolçunu "İnter”in üzvü kimi qələmə verib.
Öz klubları "İstiqlal”ın rəqibinin güclü olduğunu qeyd edən taciklər çempionlarının "İnter”lə, lakin Azərbaycanın bu adı daşıyan komandası ilə görüşdüyünü vurğulayıblar. Təmsilçimizin heyətinə toxunan orta asiyalılar bir sıra yanlışlıqlara yol veriblər.
Nasimovun "İnter”in vuran ayağı hesab edən taciklər bu yay klubunu dəyişən Samir Abasovun bakılıların kapitanı olduğunu iddia ediblər.
Qeyd edək ki, Samir bu ilin yayında "Qarabağ”a keçib, Bahodir isə Azərbaycanda yalnız "Neftçi”nin şərəfini qoruyub.
Raymundo Vilsonu "İnter”ə qaytardılar
"Birlik kuboku” turnirində iştirak edəcək digər ölkələrdə də yarışa kifayət qədər maraq var. Apasport.az saytının məlumatına görə, qırğızıstanlı həmkarlarımız Azərbaycan çempionu "İnter”ə diqqət ayırıblar. Onlar ənənəvi turniri gündəmdə saxlayaraq, rəqiblər haqda məlumatları qaçırmamağa çalışırlar.
Hətta bakılıların təqdimatı da hazırlanıb. Lakin həmkarlarımız cüzi yanlışlığa yol veriblər. Belə ki, orta asiyalılar komandanın qapıçıları kimi gürcü Georgi Lomaya və braziliyalı Raymundo Vilsonu təqdim ediblər. Onlar iki mövsüm "İnter”in uğurları üçün çalışan cənubi amerikalını bu yolla komandamıza "qaytarıblar”. Hərçənd, yarım ildir vətəninə qayıdan qapıçı az əvvəl yeni klubu ilə müqavilə də imzalayıb.
Ağasəlim Mircavadov: "İnter” çempion olsa, çox sevinərəm "Açığı, "Birlik kuboku”nun püşkündən xəbərim yoxdur. "İnter” Moldovanın "İskra-Stal”, Tacikistanın "İstiqlal” və Qırğızıstanın "Neftçi” klubları bir qrupa düşübsə, bəxti gətirib. Deyərdim ki, komandamız normal qrupa düşüb və növbəti mərhələyə çıxmalıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında "Birlik kuboku”nu qazanmış yeganə azərbaycanlı məşqçi Ağasəlim Mircavadov deyib.
2006-cı ildə "Neftçi”, 2 il sonra "Xəzər Lənkəran”la buna nail olan 63 yaşlı mütəxəssis adını futbol tariximizə qızıl hərflərlə yazdırıb.
"İnter” qrupdan çıxarsa, rəqibi B qrupunda yer alan "Tobol” (Qazaxıstan), "Skonto” (Latviya), "Bunedkor” (Özbəkistan) və "Mika” (Ermənistan) klublarından biri olacaq. Mircavadov bu qrupu ən güclü sayır: "Biz "Skonto”nun əvvəlki gücünü görmüşük. İndi onun hansı səviyyədə olduğunu deyə bilmərəm. Qazaxıstan və Özbəkistan çempionlarını da yaddan çıxartmaq lazımdır. Ermənilərə gəlincə, uduzarlar, qurtardı getdi. Bildiyiniz kimi, "Neftçi” ilə "Birlik kuboku”nda iki dəfə dalbadal "Pünik”lə düşmüşdük. Birində 2:0 hesabı ilə qalib gəldik, o birində qaçıb getdilər. Nə deyim, hər ölkənin öz prinsipi var. Ancaq idman elədir ki, hazırlaşıb, oynamaq lazımdır”.
Mircavadov dəvət olunduğumuz hər bir turnirə yalnız iştirak yox, qələbə üçün getməyin vacibliyini bildirib: "Çoxu mənə deyir ki, "Birlik kuboku” kimə lazımdır. Jurnalistlərin çoxu yazır ki, turnir mahiyyətini itirdiyindən, komandamız ora getməsin. Ola bilər ki, indi turnir mahiyyətini itirib. Ancaq biz elə bir ölkəyik ki, futbolumuzun inkişafı üçün hər bir turnirdə, lap elə uşaqların yarışında məqsəd olmalıdır. Özü də təkcə oynamaq yox, qalib gəlmək. Çünki bu, vacibdir, qələbə ruhu uşaqlardan böyüklərə kimi getməlidir. Mən "Xəzər Lənkəran”da braziliyalı futbolçularla birgə işlədiyim zamanı bunun şahidi oldum. Onların prinsipləri ilə həmişə maraqlanırdım. Braziliyalılardan soruşurdum ki, gör neçə dəfə dünya çempionu olublar, doyublar? Deyirdilər ki, yox. Hər turnirdə qalib gəlmək istəyirik. Bu, böyük şeydir. Onlarda qələbə ruhu həddən artıq yüksəkdir. Biz həmin qələbə ruhunu saxlamalıyıq”.
Təcrübəli mütəxəssis "İnter”in ¼ finala çıxmaq şansını yüksək qiymətləndirir. O, çempionumuzun qrup qalibi kimi bunu etməli olduğunu söyləyib: "Mən sizə deyim ki, "İnter” çox gözəl komandadır. Heyəti də çox güclüdür. Sadəcə, oyunları dəyişilir. Yəni bir oyun əla, o birində orta, digərində zəif oynayırlar. Vallah, mən bunun səbəbini bilmirəm. Bu, onların daxilində ola bilər. Ancaq oyunçularına, transferlərinə güclüdürlər. Əfsuslar olsun ki, orada yerli futbolçuları azdır. Halbuki "İnter”in ən yüksək vaxtında yerli futbolçuları var idi, özü də əsas heyətdə oynayırdılar. Çox klublar bunu legioner limitinə görə edirlər. Ancaq bu, belə olmamalıdır. Yerli futbolçu əsas heyətdə oynamağa layiq olmalıdır və öz sözünü də deməlidir”.
Mircavadov özündən sonra "Birlik kuboku”nun Bakıya gətirilməsini istəyir: "Turniri udmaq istəyirsənsə, güclü ilə oynamalısan. Bu, adi haldır. "İnter” "Birlik kuboku”nun iştirakçıları olan klubların bəzilərindən səviyyəcə üstündür. Qalib gəlməsi isə komandamızın motivasiyasından asılıdır. Yəni, onlar Sankt-Peterburqa oynamaq, yoxsa qələbə məqsədi ilə gedirlər. Əgər "İnter” mənim uğurumu davam etdirmək istəyirsə, lap yaxşı. Çox sevinərəm ki, çempionumuz orada qalib olsun. Bu, yenə futbolumuzun qələbəsidir. "İnter”ə uğurlar diləyirəm”.
mənbə apasport.az
|