"Hər bir yarımmüdafiəçi Mahmud Qurbanov və Vidadi Rzayevdən örnək götürməlidir" "İnter” uzun müddətdir ki, uşaq futboluna diqqət ayırmasına baxmayaraq, əsas heyətə çox nadir hallarda yerli gənc oyunçulara rast gəlinirdi. Amma son zamanlar "İnter” tanınmış, çox ödənişli əcnəbi futbolçulara vəsait ayırmır. Büdcə ildən-ilə aşağı düşdüyünə görə, heyətdə Valentin Belkeviç yox, Asif Mirili, Elnur Abdulov kimi istedadlı azərbaycanlılar çıxış edir.
Asif Mirili sırf "İnter”in yetirməsi sayılır. 21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının da üzvü olan gənc oyunçu "İnter”in yarımmüdafiə xəttində ağıllı oyunu ilə fərqlənir. Amma Asif Mirili yaxşı futbolçu olmaq üçün hələ çox işləməli olduğunu deyir: "Düzü, əvvəlcə əsas heyətə cəlb olunacağımı gözləmirdim. Amma məşq proseslərində özümü yaxşı tərəfdən göstərdim. Mən və Elnur çox işlədik, Kaxaber Tsxadadze də bizə şans verdi. Əlbəttə ki, mən özümü yaxşı futbolçu saymıram. Əsas heyətdə yerimi möhkəmlətdiyimi də deyə bilmərəm. Çünki heyətdə yaxşı rəqabət var. Kim güclü oynasa, o da meydançaya çıxacaq. Mən də üzərimdə çox işləyirəm. Kaxaber Tsxadadze kimi məsləhət bilsə, onu da meydançaya buraxacaq”.
Asif Mirili Azərbaycanın tanınmış futbolçularını örnək götürdüyünü deyib: "Azərbaycanda həmişə sayılıb-seçilən futbolçular olub. Məncə, Azərbaycanda hər bir yarımmüdafiəçi Mahmud Qurbanov və Vidadi Rzayevdən örnək götürməlidir. Mən ətrafımda olan hər bir təcrübəli oyunçulardan yararlanmağa çalışıram”.
Gənc yarımmüdafiəçi gələcəkdə Azərbaycan millisinin formasını geyinməyi qarşısına məqsəd qoyub: "Artıq bu yolda ilk addımı, demək olar ki, atmışam. U-21 yığmasına dəvət almışam. Sözsüz ki, əsas millidə oynamaq hər bir futbolçunun arzusudur. "İnter”də oynaya-oynaya milli komandanın məşqçilər korpusunun rəğbətini qazanacağıma ümidvaram”.
Qeyd edək ki, Asif Mirili "İnter”in "Neftçi”ni üstələdiyi oyunda da meydançada olub. Rəqib komandanın futbolçusu Ruslan Abışov məhz ona qarşı kobud oynadığına görə, baş hakim Elçin Məmmədov tərəfindən meydançadan qovulub.
|