"Xəzər Lənkəran”a qol vurmaq istəyirdim Əvvəllər "Xəzər Lənkəran”da oynayan, indi isə "İnter”in uğurları üçün çalışan Asif Məmmədov məhz keçmiş komandasının qapsına qol vurdu. Universal yarımmüdafiəçi oyundan sonra fikirlərini agligoylu.tk bildirib.
- Asif, premyer-liqada axırıncı dəfə nə vaxt qol vurmuşdun? - Keçən il olmuşdu.
- Uzun müddətdən sonra qol vurduğuna görə, yəqin ki, yaxşı hisslər yaşayırsan. - Çox sevinirəm, təbii ki, qol vurmaq xoşdur. Həm də ki "Xəzər Lənkəran”a qol vurmaq istəyirdim. Yəqin bilirsiz, bundan qabaq "Xəzər Lənkəran”da oynayırdım və baş məşqçi Mirça Rednik məni transferə çıxartmışdı. Bu qol mənə ikiqat sevinc gətirdi.
- Deməli, "Xəzər Lənkəran”ın cavabını verdin. - "Xəzər Lənkəran”ın yox, Rednikin cavabını verdin. Bu qolla mən göstərdim ki, "Xəzər Lənkəran” da oynayan futbolçulardan heç də zəif oynamıram.
- Nəticə sizi qane edirmi? - Əlbəttə, yox. Çünki öz "ev”imizdə oynayırdıq, coxlu qol epizodlarımız oldu. Son məqamda nəticə bizi qane etmədi.
- Ümumiyyətlə, "İnter” in premyer-liqadakı oyununa yaxşı qiymət vermək olarmı? - Düzü, "Birlik kuboku”ndan sonra futbolçularda nisbətən yorğunluq özünü büruzə verirdi, lakin artıq özümüzə gəlmişik. Üç oyundu yaxşı oynayırıq.
- Yəqin kubok oyunu haqda düşünməyin vaxtı çatıb. - Hə, artıq bütün diqqəti AZAL ilə oyuna yönəltməliyik. Avrokuboklara getmək üçün mütləq qələbə qazanmalıyıq. AZAL-ı mütləq məğlub etməliyik.
- Məğlub edə bilərsiz? - Məncə, şansımız əllinin əlliyədir.
- Asif, səhv eləmiriksə, ağdamlısan? Bəs niyə "Qarabağ”ı qoyub "İnter”də oynayırsan? - Çoxdandı burda oynayıram, həm də heç vaxt "Qarabağ"dan təklif almamışam.
- "İnter”lə müqavilən nə vaxt başa çatır? - Transfer hüququm "Xəzər Lənkəran”a məxsusdur, "İnter”də icarə əsasında oynayıram. Anlaşmaya görə, burda mayın 20-nə qədər çıxış etməliyəm.
- "İnter” də qalmaq istəyirsən? - Əlbəttə, qalmaq istəyirəm.
- Heç millidə oynamamısan. Berti Foqtsdan dəvət gözləyirsən? - Bütün yaş qruplarında oynamağıma baxmayaraq milli komandada hələ debüt eləməmişəm. Bəli, dəvət gözləyirəm.
- Millidə oynamağa hazırsan?
- Bəli, özümü hazır hiss edirəm. Fikrimcə, milli komandada normal oynaya bilərəm.
Rauf Həsənzadə agligoylu.tk
|