"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun Sportal.az saytına müsahibəsi. - "Asteras"la oyun haqda danışardın... - Oyun haqda nə deyim ki? Yaxşı keçdi. Sadəcə olaraq penalti zərbələrində məğlub olduq. - Yunanıstan klubu ilə hər iki matçda sanki çəkinərək mübarizə apardız... - Hər iki oyunda deməzdim. Çünki Yunanıstanda daha yaxşı mübarizə apardıq. Bunu hamı deyir. Birinci oyunda rəqibimizi yaxşı tanımırdıq. Ola bilər ki, ona görə ilk oyunda çəkinərək oynadıq. Lakin bunu cavab matçına aid etməzdim. Hətta, cavab qarşılaşmasında qələbə də qazana bilərdik. - Demək olarmı ki, ilk oyunda 1:1 hesablı heç-heçə komandanı ruhdan salmışdı? - Xeyir. İlk oyunda əldə etdiyimiz nəticə komandanı ruhdan salmamışdı. Düzdü, ilk görüşdə qalib gəlsəydik daha yaxşı olardı. Biz Yunanıstana yalnız qələbə üçün getmişdik. Düşünməmişdik ki, oyunda penaltilər seriyası olacaq. Qol vurmaq üçün imkanlarımız da oldu. Lakin bu şanslardan yararlana bilmədik. Hər şeyi oyunda həll edə bilərdik. Deyərdim ki, biraz nəsə çatmadı. Bu da məncə, öz səhvimizdən irəli gəlir. Çox heyiflər olsun... - Baş məşqçi penalti zərbələrində nəyə görə sənə şans vermədi? - Bunu mən deyə bilmərəm. Penaltinin kimin vuracağının fərqi yoxdu. Təki vurduğumuz penaltilərin hamısı qol olardı. - Sxadadze indiyədək penalti vurmayan Georgiyevskiyə penalti vurmaq imkanı yaratdı. Bu nə dərəcədə düzgün addım idi? - Penaltini hər bir futbolçu vura bilər. 11 metrlik zərbə qol ola da bilər, olmaya da bilər. Penalti zərbəsinin 99 faiz qol olmaq şansı var. Burda kimisə günahlandırmaq olmaz. Futboldu, belə şeylər olur. Ən yaxşı futbolçular belə, bəzən penaltini dəqiq yerinə yetirə bilmirlər. - Səncə, uğursuzluğa nə səbəb oldu? - Məncə, bəxt amili. Çünki "Asteras"la oyunda bəxt bizim tərəfdə deyildi. Bundan əlavə rəqib oyunçular tez-tez yerə yıxılmaqla oyunun vaxtını alırdılar. Bütün bu sadaladıqlarım uğursuzluğa səbəb oldu. - Bu uğursuzluqdan sonra rəhbərliyin sizinlə söhbəti oldu? - Xeyir. Rəhbərliyin bizimlə söhbəti olmayıb. Baş məşqçi görüşdən sonra dedi ki, uduzulası oyun deyildi. Hamı dilxor olmuşdu. Həqiqətən də oyuna baxdıqda görürsənki uduzulası oyun deyildi. Elə buna görə hamımız dilxor olmuşuq. - Yəqin ki, növbəti mərhələyə çıxa bilməməyiniz komandada olan ümumi ab-havanı korlayıb... - O dərəcədə pis uduzmadıq ki, komandada olan ab-hava korlansın. Əgər "Asteras"a 2:0, 3:0 uduzsaydıq əhvalımız tam korlanardı. Yəni, biz rəqibə oyunda deyil, lotereyada uduzduq. Komanda olaraq öz oyunumuzu oynadıq. Artıq Avropa Liqası ilə vidalaşdıq. Bundan sonra çempionata yüksək səviyyədə hazırlaşacağıq. - Növbəti mövsümdə "İnter"in hədəflərini açıqlayardın... - Növbəti mövsüm komandamızın hədəfi yenə dəyişməzdi. Həmişə olduğu kimi çempionluq uğrunda mübarizə aparacağıq. Ən azından isə Avroliqaya vəsiqə qazanmaq üçün çalışacağıq. ELVİN RÜSTƏMOV
|