"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun klubun rəsmi saytına müsahibəsi
- Bazar günü siizi "Rəvan"la səfər görüşü gözləyir. Qarşıdakı oyun və bu oyunda üz-üzə gələcəyiniz rəqib barədə nə deyə bilərdin? - Oyunun çox çətin olacağını bilirik, ona görə ki, rəqib komanda son oyunlarını çox yaxşı səviyyədə keçirib. Biz də öz növbəmizdə meydana ancaq qələbə arxasınca çıxacağıq. Bizə mütləq qələbə və növbəti üç xal lazımdı. - "Rəvan" - "İnter" oyununun süni örtüyə malik "Dalğa Arena" stadionunda keçiriləcəyini bilirik. Səncə, bu amil "İnter"in xeyrinə ola bilərmi? Başqa sözlə, "İnter" orada özünü doğma "Şəfa"da olduğu kimi hiss edəcəkmi? - İlk baxışda bu meydançaların oxşarlığı nəzərə çarpsa da, əslində bu belə deyil. "Şəfa" və "Dalğa-Arena" stadionlarınım sintetik ot örtüyü seçilir. Hər iki meydança arasında fərqlər var. -"İnter" hər zaman oyundan əvvəl rəqibinin oyununu təhlil edir və onun müsbət və mənfi cəhətlərini öyrənir. Bu dəfə necə, "Rəvan"ın oyununu analiz edə bildinizmi? - Yox, hələlik təhlil etməmişik, yəqin ki, bunu bu gün, ya da ki, sabah edə biləcəyik. - "Rəvan"nın oyunlarını yəqin izləmisən. Səncə, bu komandada hansı futbolçu öz oyunuyla seçilir? Və hansı futbolçuya qarşı bazar günü keçiriləcək qarşılaşmada daha diqqətli oynamaq lazım gələcək? - Mən rəqibin heyətində heç bir futbolçunu fərqləndirməzdim, çünki bu oyunçuların hamısı yaxşı futbolçudu. Onların yaxşı kollektivi var. "Rəvan" çox maraqlı komandadı. Hazırda klubda oynayan futbolçuların çoxu ötən il "Muğan"da çıxış edirdi və elə o vaxtdan onlar özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. - Necə düşünürsən, görüş hansı nəticəylə bitəcək? - Proqnoz vermək və əvvəlcədən danışmaq istəməzdim. Mən sadəcə yenə təkrar edə bilərəm ki, biz meydana ancaq qələbə üçün çıxacağıq. - Dünənki məşqdə sən fərdi qaydada çalışırdın. Bunu nəylə əlaqələndirmək olar? Zədəlisən, yoxsa...? - Bundan bir az əvvəl dabanım bir balaca əzilib, məhz buna görə axırıncı məşqlərdə fərdi qaydada hazırlaşırdım. - Bu zədə qarşıdakı oyunda meydana çıxmağına mane ola bilər? - Ağrılar olmasa və məşqçi mənə etimad göstərsə, o zaman meydana çıxaram. Belə baxanda, ağrı olmadığı təqdirdə, mən artıq bugünkü məşqdə ümumi qrupda çalışa bilərəm. İnşallah, vəziyyət yaxşı olacaq və mən oyuna tam hazır olaram. - Yeri gəlmişkən, bu oyun I dövrənin son oyunu olacaq. Səncə, çempionatın birinci dövrəsini "İnter" üçün uğurlu saymaq olarmı? - Hələ ki işlərimiz pis getmir. Tam istədiyimiz kimi olmasa belə, ümümi götürdükdə, biz hələki yaxşı nəticə göstərə bilirik. Bu arada dövrənin axırıncı oyunu da bizim üçün çox vacibdi. Biz qələbə qazana bilsək və turnir cədvəlinin yuxarısında yerləşən digər klublar xal itirsə, o zaman vəziyyətimiz daha da yaxşılaşa bilər . Düzdü, çempionatın ilk hissəsi artıq yekunlaşır, lakin unutmaq lazım deyil ki, bizi qabaqda hələ uzun bir marafon gözləyir. İndi biz üçüncü pillədə qərarlaşmışıq, lakin hədəfimiz ancaq çempionluqdu, bu isə ona işarə edir ki, mövqemizi daha da yaxşılaşdırıb irəliləmək lazımdı. - Səncə, "İnter" çempionluq hədəfinə çata bilərmi? - Əlbətdə, çata bilər. Son oyunlar bizim hədəflərimizin ciddiliyini göstərdi. Demək istərdim ki, çempionat başlamamışdan əvvəl bəzi mütəxəssislər söyləyirdilər ki, "İnter" artıq əvvəlki "İnter" deyil, amma zaman keçdikcə həmin insanlar fikirlərini dəyişib bildirdilər ki, komandamız keçən illərlə müqayisədə bu mövsüm daha yaxşı oyun sərgiləyir. Onların belə danışmağa bizim yaxşı oyunumuz səbəb olub. Fikrimcə, indiki komandamız həqiqətən də ötən mövsümdəki "İnter"lə müqayisədə heç də zəif görünmür və biz hədəflərimizə çata biləcək gücdəyik.
|