"İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun futbol365.az-a müsahibəsi - "İnter”
mövsümə uğurlu start verdi. "Turan”la matçda asan qələbə gözlənilsə də,
rəqibin ciddi müqaviməti ilə üzləşdiyinizi demək olarmı? -
Mövsümün ilk oyunu ağır alınır. Bizim "Turan”la matçda asan qələbə
qazanacağımı gözləyənlər yanılırdılar. Çünki rəqib komandada
mövsümlərarası fasilədə ciddi dəyişikliklər olmuşdu. Bilirdik ki, bu,
ötənilki "Turan” deyil. Etiraf edim ki, birinci hissədə oyunumuz elə də
yaxşı alınmadı. - Bəs, fasilədə baş məşqçi Kaxaber Tsaxadadze sizə nə dedi? -
Fasilə zamanı baş məşqçi bizə topu özümüzdə saxlamağı tapşırdı. O,
tədricən üstünlüyü artırmağın vacibliyini qeyd edərək, tezliklə qolun
vurulacağını bildirdi. Elə Tsaxadadzenin dediyi kimi oldu. İkinci
hissənin əvvəlində qol vurub, daha rahat oynamağa başladıq. - Əsas heyətdə yer almışdın. Artıq Asif Məmmədovu "İnter”in aparıcı üzvü saymaq olarmı? -
Hər şey baş məşqçinin qərarlarından asılıdır. Mən gürcü mütəxəssisin
qərarına hörmətlə yanaşıram. Məşqlərdəki hazırlıq və rəqiblərə qarşı
qurulacaq taktika futbolçu seçimində rol oynayır. - Hazırlıq dövründə yoxlama matçlarında mütəmadi yer almısanmı? -
Bəli. Mən bütün matçlarda iştirak etmişəm. Şükür, hər hansı bir zədədən
əziyyət çəkmirəm. Özümü oyunlara tam hazır sayıram. Ümid edirəm ki, bu
mövsüm mənim üçün uğurlu olacaq. "İnter”in aparıcı simalarından biri
olmaq istəyirəm. - Bu həftə Quzanlıda "Qarabağ”la qarşılaşacaqsınız. Növbəti qələbə ilə lider mövqeyinə yüksəlmək pis olmazdı. -
"Qarabağ” ciddi rəqibdir. Bu komanda Avropa kuboklarında uğurlu çıxışı
ilə yadda qalıb. Məncə, Ağdamda keçiriləcək oyun maraqlı alınacaq.
Quzanlıya qələbə dalınca gedirik. Çünki növbəti üç xal sayəsində
komandada özünəinam hissi daha da yüksələcək. - Bəzən "İnter”də maliyyə problemlərinin olması ilə bağlı xəbərlər yayılır. Bu, düzdürmü? -
Maaşların gecikməsi bütün komandalarda olur. Burada da məvaciblərin
verilməsində bir neçə günlük gecikmə ola bilər. Bunu normal qarşılamaq
lazımdır. Amma hər hansı maliyyə problemindən söhbət gedə bilməz. Mən
"İnter”ə hansısa futbolçunun pulunun verilməməsinin şahidi olmamışam. - "İnter”in qarşısında hansı məqsəd durur? -
"İnter” həmişə çempionluq və kubok uğrunda mübarizə aparıb. Yenə də
qarşımızda bu vəzifə dayanır. İnanıram ki, mövsümün yekununda istəyimizə
çatacağıq. - Asif, yığma komandada oynamağı arzu edirsənmi? -
Əlbəttə. Hər şey mənim özümdən asılıdır. Mütəmadi oynasam millinin baş
məşqçisi Berti Foqtsun diqqətini cəlb edə bilərəm. Çalışacağım ki, onun
etimadını qazanım.
|