"Biz işimizi sakitcə həyata keçirəcəyik” "İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsi - Çempionatın ilk turunda "Turan”la oynadınız. Komandanın 20-ci çempionatdakı ilk rəsmi görüşünü necə dəyərləndirə bilərsən?
- Bildiyiniz kimi, biz avrokuboklara vəsiqə qazana bilmədik. Həmişə medallar uğrunda mübarizə aparan komandamız bu dəfə 5-ci yerlə kifayətlənməli oldu. Ölkə kubokunun finalında isə uğursuzluqla üzləşdik. Bütün bunlara baxmayaraq, həvəsdən düşmədik. Bu və digər ölkələrdə yaxşı hazırlıq keçib, heyətimizi gücləndirməklə yolumuza davam etdik. Bildiyiniz kimi, çempionatın ilk turunun oyunları həmişə fərqli keçir. Bəzən özündən qat-qat zəif komandaya uduzursan. Biz bütün bunları göz önünə gətirib meydançaya çıxmışdıq. Sevindirici haldır ki, qələbə qazandıq.
- Hamıya məlumdur ki, "Turan”ın baş məşqçisi Əsgər Abdullayev müdafiə futboluna üstünlük verir. Belə olan təqdirdə, rəqibin ön xətt oyunçuları əziyyət çəkirlər. Sən də eyni problemlə üzləşdinmi?
- Məncə, "Turan” bizə qarşı yaxşı futbol sərgilədi. Hətta bir müddət başabaş mübarizə apardı. Fikrimcə, "Turan” sırf müdafiə futbolu oynamadı. Onlar eyni zamanda hücum edib, qol vurmağa səy göstərirdilər. Yəqin ki, Əsgər müəllim taktikasını dəyişib. Fikrimcə, "Turan” çempionatın normal komandalarından biridir. Əgər Əsgər müəllim Tovuz təmsilçisindən gələn dəvəti qəbul edibsə, yəqin ki, qarşıya qoyulan məqsədlər yetərincə alidir.
- Həmin oyunda "İnter” özü də bir yenilik etmişdi. Heyətində nadir hallarda azərbaycanlı furbolçu nəzərə çarpan komanda birdən-birə 4-5 gənc oyunçunu meydançaya buraxmışdı. Həmişə legionerlər içindən baş çıxarmış Asif üçün yerli gənclər arasında oynamaq necə hiss idi?
- Bildiyiniz kimi, "İnter”in çox güclü uşaq futbol məktəbi mövcuddur. Orada yetişən oyunçular Azərbaycanın müxtəlif klublarına keçməklə yanaşı, "İnter”in əsas heyətinə də cəlb olunurlar. "Turan”a qarşı forma geyinən Asif Mirili, Elnur Abdulov "İnter”in yetirmələridir. Əlbəttə ki, təcrübəli oyunçularla oynamaq rahatdır. Çünki onlar nə etmək istədiklərini yaxşı bilirlər. Gənclərlə oynamağın da öz üstünlüyü var. Gənclər meydançanın hər qarışı uğrunda mübarizə aparmağı xoşlayır və bunun üçün var qüvvələrini səfərbər edirlər. Amma əsl futbolçu kimlə çiyin-çiyinə mübarizə aparmasına fikir verməyib, işini peşəkarcasına qurmalıdır. Mən də bunu əsas deviz kimi götürmüşəm. İnanıram ki, oyunum qarşıdakı turlarda da alınacaq.
- "İnter”in ilk turdakı oyunu heç də birmənalı qarşılanmadı. Çoxu bu oyunla komandanın yüksək yerlər uğrunda mübarizə apara bilməyəcəyini dedi. Səncə, komanda haqqında niyə ikili fikirlər meydana gəlib?
- Hər bir kəsin özünə görə düşünmə tərzi var. Yəni biz müdaxilə edib kiminsə düşündüyünü dəyişə bilmərik. Şəxsi fikrimcə, "İnter”in yüksək yerlər uğrunda mübarizə apara bilməyəcəyini deyənlər yanılırlar. Onlar komandanın heyətindəki gənc futbolçuların təcrbəsiz olduğunu nəzərə alıb belə düşünürlər. Halbuki bizdə hər şey əvvəlcədən planlaşdırılıb. Komandanın əsas qüvvəsi ilə yanaşı, ehtiyat qüvvəsi də az deyil. Qoy bizim haqqımızda nə fikirləşirlər, fikirləşsinlər. Biz işimizi sakitcə həyata keçirəcəyik. Çempionatın qarşıdakı turlarında "İnter”in nəyə qadir olduğunu görəcəksiniz.
- Razılaşaq ki, "İnter”in gücünü ikinci turda "Qarabağ”a qarşı keçirəcəyi görüşdə görəcəyik. Ümumiyyətlə, rəqibin Avropa meydanlarında uğurlu oyun sərgiləməsi və sizi "ev”də özü də Quzanlıda qəbul etməsi "İnter” üçün əlavə problemdir. Səncə, "İnter” səfər oyunundan yaxşı nəticə ilə dönə biləcəkmi?
- Bəli, "Qarabağ” istənilən komanda üçün təhlükəli rəqibdir. Əsasını yerli oyunçular təşkil edən komanda həm daxili, həm də xarici çempionatda uğurlu oyun sərgiləyir. Amma biz Quzanlıda əlimizi yanımıza salıb dayanmayacağıq. Nə qədər çətin olsa da, mübarizə aparıb özümüz üçün sərf edən nəticəni qazanmağa çalışacağıq.
- Səncə, "İnter” hazırkı heyətlə çempionat ərzində qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəkmi?
- Əsas məqsəd bütün oyunlarda qələbə qazanmaqdır. Əgər bu istəyimiz həyata keçsə, qarşıya qoyulan məqsədlərə də avtomotik olaraq çatacağıq. Biz həm çempionatda, həm də kubokda ən yüksək nəticəni qazanmaq üçün çalışırıq. Heyətimiz də yetərincə güclüdür. Komandada həm təcrübəli, həm də istedadlı futbolçular toplaşıblar.
- Komandaların əksəriyyətinin builki məqsədi "İnter”də olduğu kimidir. Qorxmursan ki, ötən il olduğu kimi mübarizədə yenə uduzasınız?
- Əslində bunu normal qarşılamaq lazımdır. Çünki klublarımızın əksəriyyəti ölkə xaricində təlim-məşq toplanışında olub, çempionata səylə hazırlaşıb. Qalib gəlmək istəyən əziyyət çəkməlidir. Çempionu və ya mükafatın sahibini indidən müəyyənləşdirmək düzgün deyil. Vaxt hər şeyin dərmanıdır. Zənnimcə, hər şeyi zamanın ixtiyarına buraxmaq lazımdır.
- Bir az da keçmiş komandan "Xəzər Lənkəran” barədə danışaq. Avropa Liqasındakı uğursuz çıxışdan sonra cənub klubunda baş vermiş məlum hadisələrə münasibətin necədir?
- Bütün bunların səbəbkarı Mirça Rednikdir. O, "gedirəm, qalıram” deyib "Xəzər Lənkəran”da, eləcə də Azərbaycan futbolunda çaxnaşmaya səbəb oldu. Uzun müddət gündəmi zəbt etdi, axırda da heç bir yerə getmədi. Hər halda, mənim bu klubun daxili işinə qarışmaq ixtiyarım yoxdur. Fikrimcə, klubun əla rəhbərliyi var. Onlar istənilən vəziyyətdən çıxış yolunu qisa müddət ərzində tapmağa qadir insanlardır.
- İndi rəhbərlik haqqında ağız dolusu danışsan da, bilirik ki, "Xəzər Lənkəran”dan xoşluqla ayrılmamısan. Yəqin ki, bu komanda ilə görüşlər sənin üçün prinsipial əhəmiyyət daşıyacaq... - "Xəzər Lənkəran”dan ayrıldıqdan sonra "İnter” mənə növbəti dəfə sahib çıxdı. Əlbəttə ki, öz oyunumla bu komandanın baş məşqçisi Kaxaber Sxadadzenin rəğbətini qazanmışdım. Əgər şans versə, "Xəzər Lənkəran”la oyunlarda meydançaya çıxıb nəyə qadir olduğumu bir daha göstərəcəyəm. Əlbəttə ki, mənim onlarla heç bir düşmənliyim yoxdur. Belə bir komandanın çempionatda fəaliyyətini davam etdirməsinə sevindim. "Xəzər Lənkəran” Azərbaycan futboluna və onun azarkeşinə lazım olan komandadır. Məni isə hazırda yalnız və yalnız” İnter” maraqlandırır. Bu komandanın heyətində mütəmadi oynamaqla, milli komandaya dəvətlilər sırasına düşmək arzusundayam.
Elgiz Abbasov, Çempion
|