"Belə hakimliklə bu mövsüm işimiz çox çətin olacaq" Azərbaycan futbolunda hakimlik son illər ən qlobal problemlərdən birinə çevrilib. Ancaq cari mövsümdə baş verənlər hazırkı vəziyyətin daha kritik olduğunu göstərir. Təsəvvür edin, artıq 3 tur oynanılıb, amma kifayət qədər narazılıqlar var. Hətta iş o yerə çatıb ki, hələ 3-cü turda komandalardan biri məhz hakimə etiraz əlaməti olaraq oyunu yarımçıq dayandıraraq meydançanı tərk etdi.
Söhbət "İnter” - "Bakı” matçından gedir. Son 6-7 ildə hələ belə hadisə yaşanmamışdı ki, hansısa komanda hakimin qərarına etiraz edərək meydançanı tərk etsin. Narazıqların hədəfi sözügedən matçın baş hakimi Ramil Diniyevdir. Diniyev bu oyunda iki dəfə "İnter”in qapısına penalti təyin etdi, 90+1-ci dəqiqədə "bankirlər”in qapıçısı Georgi Lomayanı meydançadan qovdu. Həmin epizodlara geniş şərh vermək istəmirəm. Qısaca onu deyim ki, mənə görə hakim hər iki penaltini haqsız təyin etmişdi. Birinci epizodda Krastovçev hava mübarizəsinə qalxır və top onun əlinə dəyir. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun təbiri ilə desək "top əli tapır”. Amma Diniyev penalti nöqtəsini göstərir.
Bir anlıq ötən mövsümün "altılıq” mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Bakı” - "İnter” qarşılaşması yadıma düşdü. Xatirinizdədirsə, həmin oyunda o vaxt "İnter”in şərəfini qoruyan Aleksandr Çertoqanov hava mübarziəsinə qalxarkən, top onun əlinə dəymişdi. Xaqani Məmmədov hakimi penalti verməməkdə haqlı saymış və "futbolçu havaya əli bədənində bitişik qalxmayacaq ki” açıqlamasını vermişdi. Sualım Xaqani müəllimədir: Elə isə "İnter”in qapısına niyə penalti təyin olunur? Məgər Krastovçev havaya qalxarkən əli bədəninə bitişik olmalı idi? İkinci penalti epizoduna gəlincə, məncə, həmin anda baş hakimi təlimatlandıran yan xətt hakiminin futbol qaydalarından xəbəri yoxdur. Görəsən, o, bilirmi ki, qapıçı meydançası daxilində qapıçı toxunulmazdır və topa çıxarkən özünü qorumaq üçün dizini və yaxud ayağını qaldıra bilər? Həmin epizodda da Lomaya məhz qapıçı meydançasında topa çıxır və hər ehtimala qarşı özünü qorumaq məqsədilə ayağını qabağa açır. Əgər Nuran Qurbanov yersiz fədakarlıq edib 194 sm-lik qapıçı ilə mübarizə eşqinə düşüb, sinəsini onun ayağı altına verirsə, burada Lomayanın nə günahı var?
Maraqlıdır ki, həmin epizod düz baş hakimin gözü önündə olur və o, oyunu davam etdirir. Yalnız yan xətt hakiminin qulaqcıq vasitəsilə müdaxiləsindən sonra onbirmetrlik nöqtə göstərilir. Yenə sual yaranır: Diniyev epizoda yan xətt hakimindən yaxın olduğu halda niyə penalti qərarını kənarda olan köməkçisinin müdaxiləsi ilə verir?
Yenə deyirəm, əgər bir hakim ki, qapıçının qapıçı meydançasında topa çıxarkən, özünü qorumaq üçün dizindən və ayağından istifadə hüququna malik olduğunu bilmirsə, heç hakimlik eləməsin. Anar Xanlarov, Çempion
|