Reallıqla arzular üst-üstə düşmür 2009/10 "futbol ili"ni zirvədə tamamlayan "İnter" tarixində ikinci çempionluğa qovuşdu.
Daha öncə Valentin Xodukinin rəhbərliyi altında qızıl medalları boynundan asan "bankirlər" komandanın "sükanı arxasında" debüt mövsümünü keçirən Kaxaber Tsxadadzeylə uğuru təkrarladı. Hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşan bank təmsilçisinin 40 xalı var. Paytaxt klubunun tərəfdarları çempion titulunun qorunmasını arzulamaya bilməz. Görəsən, reallıqla arzular üst-üstə düşürmü? "Ağ-göylər" final mərhələsinin gərgin matçlarında üzüağ çıxıb, son nəticədə birinci ola bilərmi?
İkinci çempionluğu xatırlayaq
Ötən mövsümün son turunu bir daha yada salaq... Turnir cədvəlində yaranan duruma görə "İnter", "Qarabağ", "Xəzər Lənkəran" və "Bakı" ölkə birinciliyinin qalibi ola bilərdi. Cüneyt Biçərli "zolaqlılar" səfərdə Lənkəran təmsilçisini minimal hesabla üstələyərək, kubokun finalında olduğu kimi, növbəti titul şansından da məhrum etdisə, Ağdam təmsilçisi "Neftçi"nin eksperimental heyətinin müqavimətini qıra bilməyərək qolsuz "sülh"ə razılaşdı. Taleyi öz əlində olmayan "İnter" "Qəbələ"ni "Şəfa"da 4:1 hesabıyla darmadağın edərək, paralel keçirilən matçların sərfəli sonluqla başa çatması xəbərini aldı və çempionluğu bayram etdi. Yəni həmin vaxt "bankirlər"in qızıl medalları qazanmaq şansı o qədər də çox deyildi...
Çempionatda indikindən fərqli "qızıl" xal sistemi "hökmranlıq edirdi". Tsxadadzenin komandası final mərhələsinə zirvədə qədəm qoysa da, ön cəbhədə hegemonluq nümayiş etdirə bilməmişdi. Ölkə çempionatıyla yaxından maraqlananlar "İnter"in əksər hallarda önəmli duelləri uduzduğunu bilir. İstər kubok, istərsə də çempionat oyunlarında belə olub. Komanda məhz çətin matçlarda xal və xallar itirərək, son tur ərəfəsində başqalarından asılı vəziyyətə düşmüşdü. Əlbəttə, "ağ-göylər"in uğuruna kölgə salmaq fikrindən uzağam. Dünya futbolunda daha maraqlı, daha kuryoz çempionluqlar qazanılıb. Futbol gözlənilməzlikləriylə gözəl deyilmi? Və ən nəyahət, bank təmsilçisinin uğurunu aşağılamaq qeyri-peşəkarlıq sayılar.
Hazırkı durum
Bu mövsüm "İnter" zirvədə boy göstərməyib. Enişli-yoxuşlu qrafik cızan komanda payızda qara zolağa düşsə də, ardından toparlanaraq nəticələrini yaxşılaşdırmışdı. Son çempionat oyununda Tsxadadzenin yetirmələri "Xəzər Lənkəran"a "Şəfa"da uduzmasaydı, üst sıralardakı rəqiblərlə xal fərqi şübhəsiz, böyüməyəcəkdi. Yuxarıda qeyd etdiyimiz kimi, cənub təmsilçisi üzərində qələbə hava-su qədər önəmli olduğu halda, "bankirlər" qarşılaşmanı məyus başa vurdu. "Doğma divarlar" arasında 3 qol "yeyərək" yenilmək isə birbaşa çempion nüfuzuna zərbə deməkdi. Başqa sözlə, premyer-liqanın qalibi olmaq uğrunda çıxış edən əsas rəqiblərdən birinin "İnter"i qonaq qismində yenməsi böyük ümidləri sarsıtdı. İndi Tsxadadzenin "drujinası" lider "Neftçi"ylə aradakı 8 xallıq fərqi "əritməmiş" qızıl medallara göz dikə bilməz. Üstəlik, lənkəranlılar da bank təmsilçisini 7 xal qabaqlayır. 10 qarşılaşmanı az xal itkisiylə tamamlamaq sevdası doğrudan da çətin məsələdi. 3-cü yerdə olan "Qarabağ"la yerdəyişmə həvəsi reallıqla uzlaşır. Lakin ardıcıl 7 matçda qələbə qazanan ağdamlıların əla forma yığdığını da unutmayaq.
Susqun qış fasiləsi
"Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", "Bakı" və AZAL qışda bir neçə yeni transferlə güclənsə də, "İnter" rəhbərliyi qolları çırmalamağı lazım bilmədi. Klubla yolları ayıran az faydalı və yararsız fiqurlar fonunda komandanın gücünə-güc qatacaq oyunçu alınmadı. Yalnız yayda "Xəzər Lənkəran"a keçən Asif Məmmədov geri qaytarıldı ki, bu da digər "6-lıq" iştirakçılarının transferləriylə müqayisəyəgəlməz faktdı. "Köhnə qvardiya"nın ümidinə qalan baş məşqçi "yeni qan" əməliyyatını həyata keçirmədən mövcud "material"la kollektivi çətin matçlara hazırlamalıdı. Komandanın hazırlığına qatılmayan, gürcü çalışdırıcıyla münasibətləri korlanan və sonda transferə çıxarılan Robertas Poşkusun niyə heyətə qaytarılması da məlumdu. Yeni oyunçu ala bilməyən Tsxadadze yalnız bir təcrübəli hücumçu Girts Karlsonla "ön cəbhə"də mübarizəyə başlaya bilməzdi.
"Birlik kuboku" tilsimlidi?
Bildiyiniz kimi, "ağ-göylər" yanvarda Sankt-Peterburqa yollandı və nüfuzu bəlli turnirdə keçirdiyi bütün görüşlərdə qalib gələrək, qapısından bir top buraxmadan "Birlik kuboku"nu qazandı. Bu kuboku indiyə qədər Azərbaycana gətirən klubların sonradan ölkə birinciliyində hədəflərindən uzaq düşməsi maraqlı sindromdu. Sanki ənənəvi yarışın baş mükafatında tilsim var. Düzdü, futbolu sehrli nağıllarla bir araya gətirmək sadəlövhlükdü. Ancaq statistika da fakt olaraq həmişə nəzərə alınır. Bu da var ki, ötən mövsümlə müqayisədə həm "Neftçi", həm də "Xəzər Lənkəran" nəzərəçarpan dərəcədə güclənib. Qurban Qurbanovun komandasına gəlincə, daha "Qarabağ"ın da ehtiyat oyunçular skamyası qısa deyil. Bir sözlə, "İnter"in çempionluq şansı tükənməsə də, "bankirlər" üçün çox çətin olacaq.
"Futbol+”