"İnter”in "Birlik kuboku” turnirində rəqibi olan Qırğızıstanın "Neftçi” klubunun baş məşqçisi Aleksandr Krestininin apasport.az saytına müsahibəsi
- Komandanız son çempionumuz "İnter”lə bir qrupa düşüb. Püşkün nəticəsindən razı qaldınızmı? - Püşk elədir ki, ondan gileylənməyə dəyməz. Kim düşübsə, onunla da oynamalısan. Normal püşkdür, hamı ilə oynamaq lazımdır. Bütün rəqiblərlə oynaya bilərik.
- "İnter”in qrupun favoriti sayırsınız? - Bəli. Fikrimcə, "İnter”in şansı digərləri ilə müqayisədə daha çoxdur. Qalan üç komanda – bizim, Moldovanın "İskra-Stal” və Tacikistanın "Istiqlal” klubunun şanslarını bərabər sayıram. Şansları real qiymətləndirmək lazımdır.
- Reallıq deyəndə, "İnter”in heyəti, büdcəsini, yoxsa təcrübəsini nəzərdə tutursunuz? - Büdcənin buna dəxli yoxdur. Hərçənd, büdcələrimiz mütənasib deyil. Mən əsas çempionatının səviyyəsini nəzərdə tuturam. Buna baxıb, qiymət verirəm. Təbii ki, futbolçu seçimi, təcrübə - bunlar hamısı zəncirvarı halqa kimi bir-birinə bağlıdır. Səviyyə, büdcə nə qədər yüksək olarsa, komanda bir o qədər güclü olar.
- Yəni hesab edirsiniz ki, Azərbaycan Premyer Liqasının səviyyəsi Qırğızıstan çempionatından çox yüksəkdir? - Belə deməzdim. Ancaq bir məqamı götürək ki, "İnter” avrokubokların təsnifat mərhələsində oynayıb, Qırğızıstan komandası isə yox. Düzdür, biz Asiyada oynayırıq, iştirak etdiyimiz turnir pis deyil. Ancaq istənilən halda, bu, Avropadakı səviyyə deyil. Azərbaycan komandaları beynəlxalq səviyyədə daha güclü yarışda oynayır, hərdən uğurla çıxış edirlər. Bu, elə-belə olmur.
- "İnter”in oyununu görmüsünüz? - Bəli. Ötən qış Bakıda olanda görmüşəm. Həmin vaxt "Standard”ın düşərgəsində idim və təlim-məşq toplanışı zamanı "İnter”in oyununu izləmək imkanım oldu.
- Komandamızı necə xarakterizə edərdiniz? - Yaxşı təşkilatlanmış, balanslaşmış, oyun nizam-intizamına malikdir. Müdafiədə yaxşı oynayırlar. Əlbəttə, yaradıcı oyunları var. Çox hücum edib, qol vəziyyətləri yaradırlar. "İnter”in oyunu çox xoşuma gəldi. Baş məşqçinin işi, dəst-xətti görünür. Təsadüfi deyil ki, "İnter” Azərbaycan çempionudur. Fikrimcə, bunlar məntiqə uyğundur. Digər komandalarınızın da çempionluğu iddialı olduğunu görmüşəm. Ancaq sonda "İnter” 1-ci oldu və bunu tam qanunauyğun sayıram.
- Rəqibinizdən konkret kimləri tanıyırsınız? - "İnter”in baş məşqçisi Kaxaber Sxadadzedir. Onu hələ futbol oynadığı vaxtdan xatırlayıram. Sxadadzenin oyunlarını televiziyadan izləmişəm. Bildiyimə görə, Ukraynadan futbolçular oynayır. Ancaq deməzdim ki, komandanızla dəqiq tanışam, böyük informasiyam var. Ancaq ümumilikdə "İnter” haqda məlumatlıyam.
- Ancaq daha çox informasiya toplamaq lazımdır... - Elə indi bu işlə məşğuluq. Qrupumuzdakı rəqibləri biləndən sonra bu işə başlamışıq. "Birlik kuboku”na lazımınca hazırlaşmağa çalışırıq. Hər şeyi turnir göstərəcək. Onu deyə bilərəm ki, biz Sankt-Peterburqa ekskursiyaya getmirik.
- Turnirə Qırğızıstanda hazırlaşacaqsınız?
- Bəli. İki həftə evdə hazırlaşacağıq. Sonra Bişkekə yollanıb, 8 gün orda çalışacağıq. Çünki orada sintetik örtüklü meydança var və "Birlik kuboku” manejdə keçirildiyindən, buna uyğunlaşmalıyıq. Sankt-Peterburqa da paytaxtdan gedəcəyik.
mənbə apasport.az
|