"İnter"in yarımmüdafiəçisi Aleksandr Çertoqanovun müsahibəsi
- "Bakı"ya qalib gəldiniz. Bu oyunla bağlı fikirlərini bilmək istərdik... - Dramatik və ehtirasların çoşduğu bir qarşılaşma oldu. Düşünürəm ki, oyunu izləyən hər bir şəxs böyük zövq aldı və gördüklərindən razı qaldı. "Bakı" çox güclü rəqibdi, bu komanda yaxşı futbolçulardan təşkil olunub. Biz bunu bilirdik, buna görə də, mümkün qədər ehtiyatlı davranmağa və səhv buraxmamağa çalışırdıq. Səhvdən qaça bilmədik və ikinci hissənin əvvəlində diqqətsizliyimiz üzündən acınacaqlı qol buraxdıq. Lakin, oyunun gedişatında dönüş yaratdıq. Daha qətiyyətlə hücum etməyə başladıq və rəqibi sıxışdırmağı bacardıq.
- Belə rəy formalaşıb ki, buraxılan qol "İnter"i qəzəbləndirdi. Bundan sonra komanda tam başqa futbol sərgilədi... - Deməzdim ki, buraxılmış qol bizə kömək etdi, amma birmənalı şəkildə silkələdi. Kədərli olardı ki, acınacaqlı qoldan sonra uduzardıq. Bizim başqa yolumuz da yox idi. Yalnız irəliyə getmək lazım idi.
- Bu qələbə "İnter"ə "altılıq"da mövqeyini gücləndirməyə və yüksək yerləri fəth etmək barədə düşünməyə imkan verdi. Turnir cədvəlində yaranmış vəziyyət haqqında nə deyə bilərsən? - Hələlik bu barədə düşünmürük. Bizim vəzifəmiz çox sadədi: bütün matçlarda qalib gəlmək və turnir cədvəli üzərində baş sındırmamaq. Əgər qalib gəlsək, o zaman turnir cədvəlində işlər düzəlməyə doğru gedəcək.
- Qarşıda birinci dövrədə "İnter"i məğlub etməyi bacarmış "Gəncə" ilə oyun var... - Sizi inandırıram ki, oyun "Bakı" ilə oyundna asan olmayacaq. "Gəncə" motivasiyalı, əsasən də yerli futbolçulardan təşkil edilmiş möhkəm komandadı. Buna görə də, növbəti üç xalı qazanmaq üçün çox çalışmaq lazımdı.
Mənbə: inter.az
|