"İnter" futbol komandasının yarımmüdafiəçisi Aleksandr Çertoqanovun müsahibəsini nəzərinizə çatdırırıq.
-Aleksandr, "Qarabağ”la oyun barəsində nə deyə bilərsən? Qələbə çətin əldə edildi?
-Oyun çətin oldu. Futbolçuların əksəriyyəti millidən qayıtmışdılar. Onların hamısı heç də yaxşı kondisiyada deyildilər-yorğun idilər. Bununla yanaşı, ikinci oyunu ard-arda udduzmaq olmazdı. Buna görə də, qalib gəlmək üçün əlimizdən gələni etdik.
-Qələbə qolunun müəllifi oldun...
-Bəli, "Qarabağ”ın müdafiəçilərinin səvhindən istifadə edərək topu aldım və qapıya yönəltdim. Hər şey çox sürətli alındı.
-Milli komandanın Almaniya ilə uğursuz oyunundan sonra sizə və millinin digər oyunçularına göstərilən psixoloji təzyiqə necə üstün gəldin?
-Əlbəttə, 6:1 hesabıyla məğlub olmaq çox çətindir. Güclü psixoloji təzyiq vardı. Ruhdan düşmüş vəziyyətdə idik, lakin uşaqlar sağ olsunlar, bizi gümrahlandırdılar və "Qarabağ”la oyuna hazırlaşmağa kömək etdilər.
-"Neftçi”lə oyundan sonra bəziləri "İnter”i çempionluq uğrunda mübarizədən kənarlaşdırmağa tələsmişdilər. Bununla bağlı nə deyə bilərsən?
-Bu, heç də belə deyil. İstədiklərini deyə bilərlər, biz onlara oyunumuzla cavab verəcəyik. Bizdə hər şey yaxşıdır və daha yaxşı olacaq.
|