"Hakimin nə etmək istədiyini başa düşmək çox çətin idi" "İnter” klubunun müdafiəçisi Valeri Abramidzenin "Çempion" qəzetinə müsahibəsi - Valeri, "Bakı” ilə oyununuz böyük qalmaqala səbəb oldu və matç yarımçıq dayandırıldı. "Şəfa” stadionunda baş verənlərə sənin də dilindən münasibət eşidək... - Rəqib iddialı komandadır. Amma biz də meydançaya qələbə üçün çıxmışdıq. Deyərdim ki, bərabər səviyyəli oyun getdi. Rəqibin 90 dəqiqə ərzində bir dəfə də olsun real qol epizodu olmadı. Sadəcə, hakim oyuna birbaşa müdaxilə elədi və qapımıza iki dəfə onbirmetrlik cərimə zərbəsi təyin etdi. - Səncə, hakim qərəzli idi? - Biz oyun boyu onun birtərəfli idarəçiliyinin şahidi olduq. Bizə, demək olar ki, oynamaq imkanı vermirdi. Hər xırda toxunuşa görə, oyunu saxlayıb bizim əleyhimizə foul verirdi. Onun nə etmək istədiyini başa düşmək çox çətin idi. - İkinci penalti təyin olunandan sonra meydançanı tərk etdiniz və oyun başa çatdırılmadı... - Başqa variant yox idi. Yaxşı ki, oyun başa çatdı. Mən elə düşünürəm ki, vaxt qalsaydı hakim qapımıza üçüncü penaltini də təyin edəcəkdi. - Belə başa düşdük ki, Lomaya topa çıxarkən, qaydalar çərçivəsində oynamışdı? - Əlbəttə. Orada heç bir qayda pozuntusundan söhbət gedə bilməzdi. İstənilən halda topa çıxarkən, qapıçıya özünü sığortalamaq üçün dizini və yaxud ayağını yuxarı qaldırmağa icazə verilir. Qapıçı meydançasında isə qapıçı, ümumiyyətlə, toxunulmazdır. "Bakı” ilə oyunda da Lomaya məhz qapıçı meydançasında topa tullandı və özünü sığortalamaq üçün ayağını yuxarı qaldırdı. Bu zaman rəqibin gənc oyunçusu Georgi ilə mübarizəyə getdi. - Deməli, sinəsindən aldığı zərbəyə görə, günah Nurlan Novruzovda oldu? - Mən demirəm ki, "Bakı”nın futbolçusu günahkardır. O da mübarizə aparmaq istəyirdi. Sadəcə, qapıçı meydançası olduğundan Lomaya topu tutandan sonra özünü qorumaq üçün ayağını qabağa açdı. Sizcə, o, nə eləməli idi? Ayağını açmasaydı, hücumçu ona xəsarət yetirə bilərdi. Kimsə bunun olmayacağına zəmanət verə bilərdimi? Mən sizə Rusiya Premyer Liqasından bir epizod danışım. "Rostov”la "Terek” oynayırdı. Yəqin ki, sizin də xəbəriniz olar, çünki bu oyunun görüntülərini internet saytlarının çoxu öz səhifələrində yerləşdirmişdi. Həmin matçda "Rostov”un qapıçısı topa çıxarkən, ayaqlarını və dizini qaldırmadı. Havaya qalxıb topu tutdu. Lakin bu zaman rəqib hücumçu ilə toqquşdu və həm böyrəyindən, həm də qabırğasından ağır zədə aldı. Halbuki özünü qorumaq üçün ayağını qaldırsaydı, bu olanlar da başına gəlməzdi. Bu mənada, Lomaya tam qaydalar çərçivəsində hərəkət etdi və orada heç bir penaltidən söhbət gedə bilməzdi. - Prezidentiniz Georgi Nikolov oyundan sonra verdiyi açıqlamasında hakimin sifariş yerinə yetirdiyini deyib. Sən necə düşünürsən? - Prezidentimizin açıqlaması onun şəxsi fikridir. Mən isə onu deyə bilərəm ki, hakim oyunu bərbad günə qoydu. Hər şey göz önündə idi, baş verənləri özünüz də gördünüz. Bizim təmiz penaltimizi vermədi, əvəzində gətirb iki penaltini bizim qapımıza göstərdi. - Hakim sənə də sarı vərəqə göstərdi. Həmin epizodda nə baş vermişdi? - Rəqib futbolçu ilə mübarizə gedirdi. Mübarizədən sonra rəqib hücumçu yerə yıxıldı və hakim cərimə zərbəsi təyin etdi. Mən də ona etiraz etdim və dərhal mənə sarı vərəqə göstərdi. - Az öncə Lomayanı müdafiə elədin, ancaq sizin qapıçınız da qırmızı vərəqə alarkən, hakimə tərbiyəsiz jest göstərdi. Bu nə dərəcdə düzgün hərəkət idi? - Düzü, mən o jesti görmədim, amma o cür epizodlarda futbolçunun əsəbləri yerində olmur. Mən özüm də çox əsəbi idim. Təsəvvür edin ki, bir il məşq edirsən, əziyyət çəkirsən, axırda hansısa hakim bir qərarı ilə sənin bütün zəhmətini yerə vurur. - Səncə, meydançanı tərk etməkdə düzgün addım atdınız? - Mən onu deyə bilərəm ki, hakim oyunu düzgün idarə etmədi. O ki qaldı bizim meydançadan çıxmaqla düzgün addım atıb-atmamağımıza, bunu gələcək göstərəcək. - Axı, bu hərəkətinizə görə sizi texniki məğlubiyyət və böyük miqdarda pul cəzası gözləyir... - Guya çıxmasaydıq nə dəyişəcəkdi ki? Penaltiən qol vuracaqdılar, yenə meydançanı məğlub tərk edəcəkdik. Nə qədər susmaq olar? Susduqca haqqını tapdalayırlar. Haqsızlığa öz etirazını bildirməlisən. Ümid edirik ki, İntizam Komitəsi ədalətli qərar çıxaracaq.
|