"İnter”in müdafiəçisi Valeri Abramidze azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunun "Kəpəz”lə oyunundan (0:0), eləcə də qarşıdan gələn "Xəzər Lənkəran”la qarşıdan gələn matçdan danışıb.
- "Kəpəz”i məğlub etmək istəyinizə çata bilmədiniz... - "Kəpəz” güclü ortababdı. Bu mövsüm çox yaxşı oyun sərgiləyir. Hər oyuna azı 2 qol vururlar. İstənilən rəqibi yenə bilərlər. Hansı ki, bunu artıq sübut ediblər. Amma hər şeyə rəğmən, biz üç xal qazanmağı planlaşdırmışdıq. Amma sonda ikisini itirməli olduq. - Amma digər tərəfdən "İnter”də oyun planında müəyyən problemlərin olduğu diqqət çəkir... - Bu planda bizdə hər şey qaydasındadı. Çoxlu qol vəziyyətləri yaradırıq. Sadəcə, həmişəki kimi qol vəziyyətlərini reallaşdırmaqla bağlı problem var. - Bu problemdən siz ötən mövsümdə də şikayətlənirdiniz. Ola bilər ki, sizdə yaxşı forvard çatışmazlığı var? - Məsələ burasındadı ki, bizim hücumçularımız da keyfiyyətlidilər. Sadəcə, yəqin bəxtləri gətirmir. Top qapıya getmək istəmir. - Növbəti turda sizi "Xəzər Lənkəran”la oyun gözləyir. Mümkündü ki, bu oyunda toplarınız rəqib qapısına getsin? - Belə rəqibə qarşı oynamaq mənə çox maraqlıdı. Onlar yaxşı sürət yığıblar. İnamla liderliyi əllərində saxlamaqdadılar. - "Kəpəz”lə oyunda olduğu kimi açıq futbola üstünlük verəcəksiz? - Hamı bilir ki, biz "Şəfa”da öz futbolumuzu oynayırıq. Səfərdə müəyyən dəyişikliklər edə bilərik. Amma evdə istədiyimiz kimi oynayırıq. Lənkəranlıların liderliyi bizi qorxutmur. Qələbəyə oynayacağıq. XL ancaq "Rəvan”la oyunda iki xal itirib. Bu isə o deməkdi ki, lider elə də sabit oyun sərgiləmir. Deməli, biz də çox şeyə nail ola bilərik. - Hər halda XL özünü hazırda komfortda hiss etdiyi halda, sizdə bir qədər əksinədi... - Demək olar ki, plana uyğun şəkildə davam edirik. Qarşıdakı oyunlarda uğurlarımızın artmasını istəyirik. Xüsusilə də "Xəzər Lənkəran” kimi rəqiblərlə oyunlarda.
|