"Mən "Bakı”nın baş məşqçisi Aleksandr Starkova qarşı hər hansı bir təhqiramiz ifadələr işlətməmişəm”. Bunu "İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcüstanlı mütəxəssis klubunun rəsmi saytına açıqlamasında avqustun 20-də başa çatdırılmayan "İnter” - "Bakı” qarşılaşmasından sonra baş vermiş hadisələrə münasibət bildirib.
Onun sözlərinə görə, həmin zaman həmkarına qarşı hər hansı bir təhqiramiz ifadələr işlətməyib: "Bununla bağlı yazılanlar tamamilə yalandır. Mən yalnız rəqib komandanın menecer heyətinə daxil olan klub rəsmisinin qeyri-adekvat davranışına qarşı etirazımı bildirmişəm”.
Sxadadze mətbuatda onun haqqında yazılan materiallardan biri barədə də fikirlərini açıqlayıb: "Adını açıqlamayacağam, qısaca cavab vermək istəyirəm ki, həmin idman saytı hələ uzun müddət xəyallara dalmalı olacaq. Mən komandamı çalışdırmaqda davam edəcəyəm”.
Qeyd edək ki, "İnter” - "Bakı” matçı birincilərin meydanı tərk etməsi səbəbindən başa çatdırılmayıb.
|