Dünən keçirilən "İnter" - "Taraz" qarşılaşmasını izləyənlər arasında tanınmış futbolçu, hazırda Türkiyənin "Kayserispor" klubunu çalışdıran gürcü mütəxəssis Şota Arveladze də olub. oyundan sonra gürcü mütəxəssis Bakı klubunun rəsmi saytına açıqlama verərək, oyunla bağlı fikirlərini bildirib və "İnter"in "Birlik Kuboku"dakı şanslarını qiymətləndirib. Arveladze qarşılaşmanın baxımlı alındığını və "İnter"in oyun tərzini bəyəndiyini bildirib. Gürcü mütəxəssis deyib ki, "İnter"in futbolçularının topla davranışları və hücumların təşkilində göstərdikləri kollektiv iş və fiziki hazırlıq səviyyəsi komandanın potensialından xəbər verir. "Kayserispor"un çalışdırıcısı bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze ilə olan yaxın münasibətlərinə görə demədiyini xüsusilə vurğulayıb. O, komandanın öz simasının olduğunu bildirib və bunda Tsxadadzenin böyük əməyi olduğunu da qeyd edib. Arveladze "İnter"in "Birlik Kuboku"ndakı çıxışına toxunaraq, komandanın rəqibləri barədə ətraflı məlumatı olmadığını bildirib və əlavə edib ki, "İnter" həmin turnirdə yüksək nəticə əldə etməyə imkan verən potensiala malikdi. Gürcü mütəxəssis Azərbaycan çempionuna uğur arzulayıb.
fanat.az
|