"İnter”in yarımmüdafiəçisi Samir Zərgərov AFFA İcraiyyə Komitəsinin qərarına münasibət bildirib.
Zərgərov Qol.Az-ın müxbiri ilə söhbətində qərarın ədalətli olmadığını söyləyib. Futbolçu görüşün baş hakimi Elçin Məmmədovu təhqir etmədiyini, sadəcə hamı kimi onun qərarına etiraz etdiyini deyib:
"Tamamilə ədalətsiz qərardır. Həmin epizodda bizim qapıya cərimə zərbəsi təyin edildi. Hamı kimi mən də etirazımı bildirdim. Burada başqa söhbət, nalayiq söz olmayıb. Məmmədov isə heç nədən gəldi və mənə qırmızı vərəqə göstərdi. Bilmirəm niyə. Protokolda da elə qeyd edib ki, guya mən onu təhqir etmişəm. Mən elə insanam ki, bu qədər oynamışam, qırmızı vərəqə almamışam. Karyeram ərzində belə bir şey yadıma gəlmir. Etiraza görə qırmızı vərəqə və 4 oyunluq cəza. Elçin Məmmədovun bu hərəkəti mənə çatmır”
Samir İK-in qərarı ilə bağlı apelyasiyaya müraciət edəcəyini də istisna etməyib: "Sabah klub rəhbərliyi ilə görüşüb, söhbət edəcəm. Yəqin ki, apelyasiyaya şikayət edib, cəzamı azalda bilərlər. ”
|