VIII tur sabiqlərin uğurlu çıxışı ilə diqqəti çəkdi. Bir sıra futbolçular keçmiş komandaları ilə oyunlarda öz sözlərini dedilər. Bu mənada ilk növbədə "İnter”li Nizami Hacıyevin adını çəkmək olar. 22 yaşlı yarımmüdafiəçi "Şəfa” stadionundakı görüşün 58-ci dəqiqəsində meydana daxil oldu və ona turun mərkəzi oyununun taleyini həll etmək üçün cəmi 15 dəqiqə yetdi. Nizaminin qolu "Xəzər Lənkəran”ı cari mövsümdə ilk məğlubiyyətlə barışdırdı və bununla da cari çempionatımızda uduzmayan komanda qalmadı. Hacıyev 2009-10 mövsümündə "XL”da oynasa da, bu, uğurlu olmadı. Belə ki, 23 oyunda qol vura bilmədi, 1 dəfə sarı vərəqə aldı. Komandanın həmin vaxt baş məşqçisi olan Ağasəlim Mircavadov transfer etdiyi Nizamiyə mövsümün əvvəlində əsas heyətdə şans versə də, ümidlərini doğrultmadı. Orada möhkəmlənə bilməyən cinah yarımmüdafiəçisi daha çox ehtiyatda qaldı və sonradan meydana çıxmalı olurdu. Mövsüm bitəndən sonra lənkəranlıların kənarlaşdırdığı Hacıyev "İnter”ə qayıtsa da, iştirak etdiyi "Lex”lə Çempionlar Liqası oyunlarından sonra yenidən komandadan ayrı düşdü. Hərbi xidmətə yollanan futbolçu ötən mövsümü MOİK-də keçirməli oldu və onunla I diviziona düşdü. O, bu yay qayıtdığı "İnter”də 3-cü dönəmini yaşayır və dönüşündən sonra ilk qolunu keçmiş komandasına vurdu. Cənublu azarkeşlər isə Nizamini «təhqir yağışı»na tutdu. Fasilədə və qolu vurandan sonra. O da hirsindən qol sevincini qonaq fanatlara acıq verməklə qeyd etdi.
- Birinci hissəni ehtiyat skamiyasından izlədim. Kənardan baxanda göründü ki, biz daha üstün oynayırıq. Baş məşqçinin verdiyi tapşırıqların 99 faizini yerinə yetirdik. İkinci hissədə təzyiqi artırandan sonra oyunumuz alınmağa başladı. Təkcə qol çatmırdı. Şükür, buna da nail olduq! - Adətən, meydana ikinci hissədə çıxırsan. Ehtiyatda qalmağının səbəbi nədi? - Uzun fasilədən sonra baş məşqçinin məni komandaya qaytarması böyük stimuldu. Bu gün 90 dəqiqə mübarizə aparmaq gücündə deyiləm. Özümü hələ hazır saymıram. Çox oyunlarda ikinci hissədə meydana çıxmışam. «Sumqayıt Şəhər»ə qarşı əsas heyətdə çıxdım, tez də yoruldum. Tsxadadze xüsusiyyətimə bələddi. O da çatdıra bilmədiyimi görür. Komandanın oyununda 20-25 dəqiqə canlanma yaradıram. - Keçmiş komandanla qarşılaşma səndə necə təəssürat yaratdı? - «Xəzər»də təcrübəli futbolçular var. Rəqib oyunu ilə seçilirdi. Bizə qədər heç bir oyunda uduzmamışdılar. Hər bir rəqibə hörmətlə yanaşırıq. Deməzdim ki, «Xəzər Lənkəran» sönük oynadı. Onlar fikirləşirdilər ki, «İnter»də qələbə ruhu yoxdu. Son oyunlarda qol vura bilməməyimiz «Xəzər»i bir qədər arxayınlaşdırmışdı. Burdan xalla dönəcəklərinə ümid edirdilər. Bəlkə onlar bizim belə fəal olacağımızı gözləmirdilər. - Qolu vurandan sonra çox sevindin. Keçmiş komandana qarşı aqessivliyin hiss olunurdu. Özünü kimə göstərmək istəyirdin? - Lənkəranda oynayanda da «İnter»ə qarşı belə oynamışam. Onda onların çörəyini yeyirdim, indi isə «İnter»in. Bu gün burdasan, sabah başqa yerdə. «İnter»in qələbə qazanması üçün əlimdən gələni etməliydim. Baş məşqçi ikinci hissədə mənə şans veribsə, etimadını doğrultmalı idim. Şükür ki, qələbə topunu mən vurdum. - Oyuna fəal qoşulmağında lənkəranlı azarkeşlərin rolu oldu. Fasilədə sənin ünvanına təhqiramiz sözlər işlətdilər. Nə baş vermişdi? - Fasilədə isinmə hərəkətləri edirdik, Oparanın ötürməsindən sonra top bizim tərəfə gəldi. O da topu məndən istədi. Opara ilə bir komandada oynamışam. Onunla arada zarafatımız var. Topu əlimə götürüb ona gülə-gülə dedim ki, «vermirəm». Azarkeşlər söyüş söydülər. Bunu görəndə topu Oparaya verməyib, mən də başqa istiqamətə vurdum. Ondan sonra lap coşdular. Bir ağızdan məni təhqir elədilər. Futbolçunun azarkeşlərlə ağızlaşması düzgün deyil. Kimin şəxsən mənə sözü varsa, oyundan sonra yaxınlaşıb deyə bilər ki, sən belə elədin. Onda da məsələnin nə yerdə olduğunu bilərdilər. Opara ilə mənim münasibətim var. Azarkeşləri də başa düşürəm. Ola bilər, başqa cür başa düşüblər. Elə oyuna fəal qoşulmağımın səbəblərindən biri də onlar oldu. Belə etməklə məni «söndürmək» istəyirdilər. Əksinə, qığılcım verib alışdırdılar. İkinci hissə başlayan zaman ehtiyat skamyada oturmuş Ruslan Poladova yaxınlaşıb dedim ki, bərk əsəbləşmişəm, meydana çıxsam, qol vuracam, nə olursa-olsun «Xəzər» burdan əliboş getməlidi. Allah da qalib gəlməyimizə kömək elədi və bu qələbədə məni də vasitəçi etdilər. - Bəs bundan əvvəlki turlarda niyə qələbə qazana bilmirdiz? - AZAL və «Kəpəz»ə qarşı yaxşı oynamışıq. Hər ikisində qol vəziyyətlərimiz olub. Bizdə qol vuran yoxdu. Təcrübəli hücumçuya ehtiyacımız var, belə vəziyyətlərdə qol vurub qələbə qazandırsın. Öz hücumçularımızı pisləmək istəmirəm. Onlar da qol vurmaq istəyərlər. Amma son oyunlarda nəsə alınmır. Bu tilsimi qırmaq lazım idi. - Tilsim qırıldı? - Belə deməzdim. Hələ çox çalışmalıyıq. Oyunumuzu tapıb, «Xəzər»ə qalib gəldik. Bizim potensialımz bundan da artığını etməyə çatır. Kaxa bizə elə super məşqlər keçir ki, daha yaxşı oynaya bilərik. Artıq komanda yavaş-yavaş öz tempini tutur. Getdikcə daha yaxşı olacaq. - Ancaq çoxları fikirləşir ki, «İnter» mükafatçılar sırasına düşməyəcək. - Biz elə oynayacağıq ki, çoxlarının yanlış fikirdə olduğunu göstərək. Sübüt edəcəyik ki, onların fikirləşdiyi kimi deyil. İndiki halda yer tutmaq gücündəyik. Ötən mövsüm heyətdə güclü futbolçular vardı, komanda heç nəyə çatmadı. Ondan sonra yerli oyunçulara üstünlük verildi. Baş məşqçi yerli gənclərdə potensial görməsəydi, onları əsas komandaya cəlb etməzdi.
Şahin Oğuz, "Sport favorit" qəzeti
|