Premyer Liqada 11-ci turun oyunları keçirilir. Maraqlı qarşılaşmalardan biri sabah "Dalğa Arenada” olacaq. "Rəvan” – "İnter”i qəbul edəcək.
"İnter”in baş məşqçisi Kaxaber Tsxadadzenin sabahkı oyunla bağlı premyerliqa.az saytına verdiyi müsahibəni təqdim edirik:
"Rəvan” son zamanlar yaxşı oyun sərgiləyir. Vladislav Qədirovun gəlişindən sonra 4 oyuna 10 xal toplayıblar. Yəqin həmişəkindən daha ciddi hazırlaşırsınız? -Cox ciddi hazırlaşırıq. Çünki rəqimiz ciddi komandadır. Son oyunlarını izləmişəm. "Rəvan” çox intizamlı oyun sərgiləyir. Onların oyunu mənə xoş təsir bağışlayır. Səfərdə "Qəbələ” və AZAL kimi komandaları məğlub etməyi bacarıblar. Komanda son dəqiqələrdə qol vurursa, deməli, sona qədər oynayır.
"Rəvan”da hansı futbolçuların oyununu fərqləndirə bilərsiniz? - "Rəvan”ın çox yaxşı hücum potensialı var. Həm Con Pelu, həm də cinahlarda çıxış edən Angel Qutierrezlə Kristian Torres hücumda kəsəri artırır. Oyunqurucusu funksiyasını yerinə yetirən braziliyalı Reis Klaudineini də fəqrləndirərdim. Dayaq yarımmüdafiəçiləri və iki mərkəz müdafiəçisi də yaxşı təsir bağışlayır. Çox yaxşı komandadır.
Bu mövsüm "Xəzər Lənkəran” və "Neftçi” kimi rəqibləri məğlub etdiniz. Lakin ortabablarla xal itirdiniz. Buna necə izah verərdiniz? -Turnir cədvəlində bizdən aşağıda olan komandalarla qarşılanda rəqib qapanır. Belədə 9-10 nəfərlə müdafiə olunan komandanın qapısına yol tapmaqda çətinlik çəkirik. Əvvəlki illərlə müqayisədə heyətimiz zəifləyib. Fərdi bacarıq hesabına rəqib müdafiəni yarmağı bacaran futbolçularımız azdır. "Xəzər Lənkəran”, Neftçi” kimi komandalar isə bizimlə açıq futbol oynayırlar. Belə oyunlarda özümüzü daha rahat hiss eləyirik və hücum etmək asan olur.
Son turlar Asif Mirili əsas heyətə düşməkdə çətinlik çəkir. Səbəb nədir? -Asif "Simurq”la oyunda zədə almışdı. Asta-asta formasını bərpa edir. "Neftçi” ilə oyunda meydana daxil oldu. Lakin hələ tam hazır deyil.
|