Dünya futbolunda bir sıra maraqlı və gərgin derbilər, prinsipial qarşılaşmalar var. Məsələn, "Real” - "Barselona”, "Milan” - "İnter”, PSJ - "Marsel”, "Everton” - "Liverpul”, "Qalatasaray” - "Fənərbağça”, "River Pleyt” - "Boka Xuniors”, "Dinamo” (Kiyev) - "Şaxtyor” və s. Məlum məsələdir ki, derbi eyni şəhərin iki komandasının oyununa deyilir. Ancaq bəzən iki prinsipial rəqibin qarşılaşmasını da bu cür adlandıranlar olur. Bu tip qarşılaşmalarda adətən bütün dünyanın diqqəti həmin görüşə yönəlir. Təbii ki, burada söhbət dünya səviyyəli komandalardan gedir. Lakin bu maştabda olmayan prinsipial qarşılaşmalar belə, həmin ölkələrdə böyük ajiotaja səbəb olur. "İnter” - "Bakı” Bax bu, əsl derbidir. Özü də prinsipial derbi. "İnter”lə "Bakı” arasındakı soyuqluq da 2005-ci ildən mövcuddur. Əminliklə demək olar ki, bu komandalar bir-birlərini sevmirlər və onların qarşılaşmasında həmişə qalmaqal, gərginlik olur. Məhz 2005-ci ildə bu iki klub ölkə kubokunun finalında üz-üzə gəldi və "Bakı” Andre Ladaqanın əlavə vaxtda cərimə zərbəsindən vurduğu gözəl qolla 2:1 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxdı. Həmin gündən prinsipiallığın əsası qoyuldu. Bir il sonra, "Bakı”nın çempion olduğu mövsümdə tale bu komandaları son turda üz-üzə gətirdi və yalnız qələbə "Bakı”nı çempionluğa daşıyacaqdı. Çox kobud və gərgin məcrada keçən görüşün taleyini Emin İmaməliyevin vurduğu yeganə qol həll etdi və "Bakı” çempion oldu. Düzdür, həmin vaxt bəzi qüvvələr "İnter”in guya oyunu "Bakı”ya verdiyinə dair fikirlər səsləndirsələr də, "Bakı”nın vitse-prezidenti Nail Əliyev buna sərt reaksiya verdi və belə bir açıqlama ilə yadda qaldı: "Qalatasaray” "Fənərbağça”ya oyun verər? "İnter” də heç vaxt "Bakı”ya oyun verməz”. Ancaq nə qədər maraqlı olsa da, "İnter” tarixindəki ikinci çempionluğunu məhz barışmaz rəqibinin köməyi sayəsində qazanıb. Belə ki, 2009-cu ildə məhz "Bakı” səfərdə "Xəzər Lənkəran”ı məğlub etməklə, "İnter”in çempionluğu qazanmasında böyük pay sahibi olub. Cari mövsümdə də bu komandalar arasındakı oyun qalmaqalsız ötüşmədi. Nəticədə "Şəfa” stadionundakı matç başa çatmadı. Səbəb isə hakimin ikinci dəfə "İnter”in qapısına penalti təyin etməsi oldu. Nəticədə "bankirlər” buna etiraz edərək, meydançanı tərk etdilər, sonra isə AFFA İntizam Komitəsi (İK) tərəfindən texniki məğlubiyyət aldılar. İndidən əminliklə demək olar ki, bu komandaların "altılıq”da keçirəcəkləri oyunları səbirsizliklə gözləməyə dəyər.
|