Yayda "İnter"in təlim-məşq toplanışına qatılmayan Robertos Poşkusun transfer mövsümünün bitməsinə bir neçə gün qalmış hələ də keçidi rəsmiləşməyib. Litvalı hücumçunun "Simurq"a transferi gündəmdə olsa da, bu, rəsmi təsdiqini tapmayıb. Transferin baş tutmamasının səbəbini aydınlaşdırmaq üçün litvalı futbolçu ilə əlaqə saxladıq. Premyerliqa.az saytına açıqlama verən Poşkusun keçidi ilə bağlı məsələyə münasibəti belə oldu: "Hələ ki gözləyirəm. Sergey Yuran məni komandada görmək istəyir, ancaq "İnter"lə hələ ümumi razılığa gələ bilməyiblər. Kaxaber Tsxadadze məni komandada saxlamaqda maraqlı olmadı. Digər tərəfdən də keçidimə razılıq vermirlər. "İnter"lə daha 1 illik müqaviləm var, buna görə də, onlar razılıq verməlidir ki, "Simurq"la münasibətlərimi rəsmiləşdirim. Nədənsə, məsələ yubanır. İki gün ərzində məsələ həllini tapmalıdır. Çünki transfer pəncərəsi bağlanana qədər karyeramı davam etdirəcəyim klub müəyyənləşməlidir".
|