"İnter”in prezidenti Georgi Nikolov müsahibəsində sabah keçiriləcək AFFA İntizam Komitəsinin iclasından gözləntilərini dilə gətirib. Hansı ki, Premyer Liqanın 3-cü turunun "Bakı” ilə ev oyununu görüş başa çatmadan tərk etmişdilər və buna görə onları ciddi cəzalar gözləyir. "Mən bilirəm ki, əsasnməyə uyğun olaraq, biz texniki məğlubiyyət alacağıq. Biz buna hazırıq. Hələ komandamı meydandan çıxarmağa qərar verəndə də bunları göz önünə alıb, etdim. Hərdən adamı bu kimi qərarlar verməyə məcbur edən belə hallar olur” – deyə, Nikolov bildirir. Klub prezidentinin sözlərinə görə, onlar AFFA İK-nın istənilən qərarına qarşı iddia qaldıracaqlar: "Mən sadəcə maliyyə məsələlərini demək istəmirəm. Haqqımızda çıxarılan qərarlarla bağlı istənilən instansiyalara müraciət etməli olacağıq. Hətta məhkəməyə qədər gedəcəyik”. O, həmçinin baş məşqçi Kaxaber Tsxadadzenin postunda qalacağını da bildirib: "Biz bazar günü onunla görüş keçirdik. Baş məşqçi məndən tam dəstək aldı”. Bolqarıstanlı iş adamı həmçinin çempionatı tərk etməyə hazırlaşmadıqlarını da sözlərinə əlavə edib: "Biz çempionatı tərk etməyə hazırlaşmırıq. Mümkündü ki, oyundan sonra kimlərsə məni yanlış başa düşüblər. Mən sadəcə onu dedim ki, belə çempionatda çıxış etməkdə məna görmədiyimi dilə gətirmişdim. Bunlar fərqli şeylərdi. Mənim elə bir qərar qəbul etmək hüququm yoxdu”.
"İnter”in prezidenti bir daha bildirir ki, həmin anda komandanı meydandan çıxardığına görə peşman deyil: "Heç kim mənə deyə, inandıra bilməz ki, orda düzgün qərar qəbul etmədim. Əgər oxşar olay yenə baş versə, eyni qərarı qəbul edərdim”. azerisport.az
|